Hüriye Öniz Baha (1887, Konstantinopol – 2 noyabr 1950, İstanbul) ― türk pedaqoq, yazıçı və siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 qadın millət vəkilindən (deputat) biri.[1] O, Türkiyənin 5-ci parlamentində Diyarbəkir seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib. Baha Türkiyənin cümhuriyyət dövrü uşaq ədəbiyyatının ilk orijinal nümunələrindən olan Köprüaltı uşaqları adlı uşaq romanının müəllifidir.
Hüriyə Öniz Baha | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin V çağırış deputatı | |
1 mart 1935 – 27 yanvar 1939 | |
Seçki dairəsi | Diyarbəkir seçki dairəsi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1887 |
Doğum yeri | |
Vəfat tarixi | 2 noyabr 1950 |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Hüriye Baha 1887-ci ildə İstanbulda anadan olub. Atası Bahəddin bəy, anası Ayşə xanımdır.[2] İbtidai və orta təhsilini Leyli sənaye məktəbində başa vurduqdan sonra özəl təhsil almışdır.[3] O, bir müddət Bursa Amerikan Qız Kollecində türk dili müəllimi işlədikdən sonra London Universitetinin qadın şöbəsi olan Bedford Kollecində pedaqogika təhsili alıb.[3]
Hayrəttin bəylə evlənmiş və bir uşağı olmuşdur. İngilis və yunan dillərini bilirdi.[2]
O , İstanbul qız müəllim məktəbində və İstanbul İnas liseyində dərs keçib, Balkan müharibəsindən sonra mühacirlər üçün açılmış kurslarda mühazirə oxumuş, müxtəlif xeyriyyə işlərində iştirak etmiş, Hilal-i Ahmer cəmiyyətinin açdığı kursa gedərək könüllü xəstə baxıcısı olmuşdur.[2] Baha 16 noyabr 1926-cı ildə Beyoğludakı 3-cü Yunan məktəbinə müəllim təyin edildi.[2] O daha sonralar 7 il müddətinə İstanbuldakı xaricilər və milli azlıqların təhsil müəssisələrində müəllim kimi işləyib.[3] Baha millət vəkili seçilib pedaqoloji karyerasını bitirməzdən əvvəl Yeniköy yunan məktəbində türk dilini tədris edirdi.[2]
Hüriyə Öniz Baha İsmət İnönünün dəvəti ilə[1] 1935-ci il parlament seçkilərində Cümhuriyyət Xalq Partiyası tərəfindən millət vəkili namizədi göstərilmiş və 629 seçicinin səsini toplayaraq Türkiyənin 5-ci parlamentinə Diyarbəkir millət vəkili kimi daxil olmuşdur.[2] Parlamentin Maliyyə Əncümənində fəaliyyət göstərən Baha, həm də Əmək Qanunu Layihəsi, Meşə Qanunu, İzmir vilayətində Turizm Yollarının İnşası Qanunu və Kayseri-Əskişehir təyyarə fabrikinə sərmayə qoyulması ilə bağlı yaradılmış müvəqqəti əncümənlərdə işləyib. Baha Mustafa Kamal Atatürkün ölümündən sonra prezident seçkisi üçün yaradılmış səsvermə komissiyasında fəaliyyət göstərib.[2][1]
O, İstanbulda təşkil olunmuş 12-ci Beynəlxalq Qadınlar Qurultayında və 24-31 avqust 1936-cı il tarixlərində təşkil olunmuş Üçüncü Türk Dil Qurultayında iştirak etmişdir.[2][1] Onun siyasi karyerası 5-ci parlamentdəki fəaliyyəti ilə məhdudlaşıb.
Baha millət vəkili kimi fəaliyyətini bitirdikdən sonra pedaqoloji fəaliyyətinə geri dönüb, İtalyan liseyində, Ticarət liseyində, Erenköy qız liseyində və Beyoğlu qız liseyində türk dilini tədris edib.[2]
O, millət vəkili olarkən “Körpünün altındakı uşaqlar ” (1936) adlı uşaq romanı yazmışdır. Yetim uşaqlardan bəhs edən əsər o dövrün uşaqlar üçün yazılmış hekayə və romanların yeganə nümunəsi hesab edilir[4] və buna görə də, Baha respublika dövrünün uşaq ədəbiyyatının banilərindən biri hesab edilir.[1][5] Roman 1923-1950-ci illərdə yazılmış digər uşaq romanlarında da olduğu kimi uşaqların oxuması məqsədi ilə yazılmış bir əsər deyil və daha çox onların yaşadıqlarından bəhs edərək onların qarşılaşdıqları çətinlikləri təsvir edir.[6]
1939-cu ildə Bahanın “Müəllim romanı” adlı kitabını nəşr edilib. O, bu kitabda Orta Anadoludakı bir kənddə dərs deyən idealist bir müəllim obrazının hekayəsini nəql edib.[1]
Hüriə Öniz Baha 1950-ci il noyabrın 2-də İstanbulda vəfat etmişdir.[1]