Seyid Məhəmmədrza Mirzadə Eşqi (1894–1924)—İran şairi.
Mirzadə Eşqi | |
---|---|
Seyid Məhəmmədrza Mirzadə Eşqi | |
Doğum adı | میر محمدرضا بن ابوالقاسم کردستانی |
Doğum tarixi | |
Doğum yeri | Həmədan, İran |
Vəfat tarixi | |
Vəfat yeri | İran Tehran |
Vəfat səbəbi | qanaxma |
Fəaliyyəti | jurnalist, dramaturq, teatr rejissoru, şair |
Mirzadə Eşqi Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Seyid Məhəmmədrza Mirzadə Eşqi 1894-cü ildə Həmədan şəhərində Hacı Seyid Əbülqasimin ailəsində dünyaya göz açmışdır. Hələ kiçik yaşlarından oğlunun elmə, ədəbiyyata və sənətə böyük rəğbət bəslədiyini hiss edən ata, onu yeddi yaşında ikən "Ülfət" və "Alyans" məktəblərinə qoymuş, fars və fransız dillərini öyrənməyə şərait yaratmışdı. O, fransızca təhsilini başa vurmamış, bir fransalı tacirin ticarətxanasında tərcüməçilik etməyə başlamış və bu dili mükəmməl öyrənmişdi. On beş yaşında olarkən ⎯ 1909-cu ildə İsfahana səfər etmiş və oradan da Tehrana gəlmişdi. Az sonra doğma Həmədana qayıdan Eşqi, Birinci dünya müharibəsi başlandığı vaxt 1914-cü ildə orada Eşqinin qəzeti adlı kiçik formatlı bir qəzet nəşr etmişdi. Lakin təəssüf ki, ictimai həyata və siyasət meydanına yenicə qədəm qoymuş Eşqinin bu qəzetinin yalnız 3 nömrəsi çap olunub oxucular arasında yayıla bilmişdi. Həmin vaxt İrandan mühacirət edən İran məclisinin nümayəndələri və bir sıra görkəmli şəxsiyyətlərə xüsusi rəğbət bəsləyən Eşqi də onlara qoşulub İstambula getdiyinə görə qəzetin nəşri dayanmışdı. Türkiyədə bir neçə il qalmağa məcbur olan Eşqi İstambul Darülfünunun fəlsəfə və ədəbiyyat fakültəsinin mühazirələrində azad dinləyici kimi iştirak etmişdi. Fransız dili vasitəsilə Fransa və Avropa ədəbiyyatı ilə tanış olan, Türkiyənin yeni ədəbiyyatını mütaliə etmək imkanı əldə edən Eşqi, burada ilk poetik əsərlərini qələmə alır. Yeri gəlmişkən bunu da qeyd edək ki, şairin yaradıcılığında çox mühüm yer tutan "Novruzinamə" və "İran sultanlarının dirilməsi" kimi ciddi əsərlərini də o, mühacirətdə olarkən yazmışdır.
1918-ci ildə, Birinci dünya müharibəsi qurtaran zaman, Mirzadə Eşqi də, bir çox mühacirlər kimi, öz doğma vətəni Həmədana qayıdır və çox keçməmiş oradan ciddi siyasi hadisələr baş verən Tehran şəhərinə gəlir. Bu zaman artıq Rusiyada Oktyabr inqilabı qələbə çalmışdı və onun təsiri bütün Şərq ölkələrində olduğu kimi, İranda da böyük bir siyasi canlanmaya, milli oyanışa səbəb olmuşdu.
Mütərəqqi qüvvələr vahid bir cəbhədə birləşməyə can atır, yeni-yeni qruplar yaranır və siyasi hakimiyyət uğrunda mübarizəyə başlayır, xarici kapitalın əleyhinə çıxmağa, məmləkəti xaricilərin iqtisadi- siyasi təsirindən xilas etməyə səy göstərirdilər. Artıq İranda İngiltərə və onun dalınca Almaniya və Amerika imperialistləri öz müstəmləkəçilik siyasətlərini əvvəlki kimi davam etdirə bilmirdilər. Əgər bundan qabaq onlar öz aralarında mövcud olan ciddi rəqabətlərə baxmayaraq, yeri gəldikdə əlbir olub qarətçilik məqsədlərinə çata bilirdilərsə, indi daha bu mümkün olmurdu: onların gizlində bağladıqları müqavilələri Sovet hökuməti aşkara çıxarırdı.
1917-ci il noyabrın 20-də (3 dekabr) Xalq Komissarları Soveti "Rusiya və Şərqin zəhmətkeş müsəlmanlarına" etdiyi müraciətdə bildirirdi ki, Rusiya respublikası və onun dövləti… özgə torpaqlarının işğal edilməsi əleyhinədir. İranın bölüşdürülməsi müqaviləsi ləğv edilir, hərbi əməliyyat qurtaran kimi rus qoşunları İrandan geri çağırılacaq, İran xalqına öz müqəddəratını təyin etmək imkanı veriləcəkdir. Rus qoşunlarının İrandan geri çağırılması prosesi, bəyənnamədə vəd edildiyi kimi, 1918-ci ilin yanvarından başlanıb həmin ilin mart ayında sona çatdırıldı. Yalnız general Baratovun ağ qvardiyası əmrə tabe olmayıb İranda qaldı və sonra İngiltərənin İrandakı işğalçı qoşunlarına qoşuldu. 1918-ci ilin yanvar ayında Sovet hökuməti İran hökumətinə bildirdi ki, İran xalqının müstəqil varlığı və azadlığını bu və ya digər tərzdə məhdudlaşdıran, qeyri-bərabər, ədalətsiz müqavilə və sazişləri, o cümlədən 1907-ci ildə İngiltərə ilə çar Rusiyası arasında bağlanan müqaviləni ləğv edir. Sovet hökumətinin beynəlxalq siyasət aləmində atdığı bu əhəmiyyətli addımlarının İranda böyük inqilabiləşdirici təsiri oldu. Çarizmin devrilməsi, Sovet hakimiyyətinin yaradılması İranda geniş xalq kütlələri tərəfindən hədsiz sevinc və rəğbətlə qarşılandı. İctimai-siyasi xadimlər, şairlər, mütərəqqi mətbuat Sovet hökumətinin bu misilsiz güzəştlərini, zəhmətkeş və məzlum xalqların xeyrinə at- dığı bu addımlarını hərarətlə alqışladılar. Ümidi hər tərəfdən kəsil- miş, iki böyük dövlətin məngənəsi arasında sıxılmış İran azad nəfəs almağa imkan tapdı. Oktyabr inqilabının bilavasitə təsiri altında İranda demokratik hərəkat, milli-azadlıq və istiqlaliyyət uğrunda gedən mübarizə yeni- dən canlanmağa başladı. Bir çox şəhərlərdə, o cümlədən Tehranda izdihamlı mitinqlər və nümayişlər keçirildi. Bu mitinqlərdə Məşrutə- nin tam icra olunması, yenicə yaranmış Sovet dövləti ilə dostluq münasibətlərinin bərqərar edilməsi tələb olunurdu. Bu vaxtadək meşədən çıxmayan və müdafiə mövqeyi tutan "cəngəli" partizanları indi öz fəaliyyət dairəsini genişləndirib Gilanın əsas hissəsini, onun mərkəzi olan Rəşt şəhərini nəzarət altına almağa səy göstərdilər. 1917-ci ilin may ayında İranın mühacir fəhlələri tərəfindən Bakıda yaradılmış "Ədalət" partiyası öz fəaliyyətinə başladı. Bu partiyanın "Beyrəqi-ədalət", sonra "Hürriyyət" adlı orqanları Azərbaycan dilin- də Bakıda nəşr edilirdi. Tehranda İran Demokrat partiyası öz fəaliy- yətini dayandırdıqdan sonra Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə həmin partiyanın əyalət təşkilatı fəaliyyətə başladı. İran dövlətinin zəifliyi, hökumət başçılarının satqınlığı, imperi- alist dövlətlərin əsarət gətirən siyasəti vətənpərvər ictimai xadimləri mərkəzi hökumətdən tamamilə məyus olub ümidlərini kəsməyə, əyalətlərdə xalq hərəkatını təşkil etməyə vadar edirdi. Mirzə Kuçek xan Cəngəli, Heydər xan Əmir oğlu, Şeyx Məhəmməd Xiyabani, Kolonel Məhəmmədtəqi xan Pesyan, Əbülqasim Lahuti və başqaları belə bir satqın siyasətə qarşı üsyan qaldırmış, lakin təəssüflə demək lazımdır ki, onların hamısı uğursuzluqla nəticələnmişdi. Mərkəzi hö- kumət bir-birindən ayrı baş qaldırmış bu xalq hərəkatını imperializ- min və hamıdan əvvəl İngiltərə imperializminin müdaxiləsi ilə yatır- mağa, onun başçılarına qanlı divan tutmağa nail olmuşdu. Çarizmin süqutundan sonra İngiltərə imperializmi İranda özünü tək görüb 1919-cu ildə o zaman ölkənin baş naziri olan Vüsuq-üd- dövlə ilə bir müqavilə bağladı. Bu müqaviləyə əsasən İngiltərə İranın bütün iqtisadi, siyasi ixtiyaratını öz əlinə almış olurdu. Lakin mütərəqqi qüvvələr İranın istiqlaliyyətinin tamamilə itirilməsinə yönəldilmiş bu birtərəfli və bədnam müqaviləyə qarşı çox kəskin müqavimət göstərməyə, onun arxasında məharətlə gizlədilmiş siyasi mövqeyi bütün çılpaqlığı ilə açıb xalqa izah etməyə başladılar. 1919-cu il müqaviləsi əleyhinə öz qəti etiraz səsini qaldıran və sonsuz vətəndaş qəzəbini bildirən demokratik fikirli ziyalılar, şairlər arasında Mirzadə Eşqi də var idi və onun bu mühüm siyasi məsələdə tutduğu aydın, prinsipial və qəti mövqe o zaman ölkədə hökm sürən qanunsuzluq, hərcmərclik və özbaşınalıq şəraitində böyük və misilsiz bir qəhrəmanlığa bərabər olub heyrət doğurmaya bilmir. Vətən- pərvər şair həmin müqaviləyə imza qoyan Vüsuq-üddövləni "satqın", "xəyanətkar", "rüşvətxor" deyə qorxmadan, çəkinmədən dam- ğalayır, onu pul üçün hər şeyini satmağa hazır olan "şərəfsiz" adlan- dırırdı. Eşqi Vüsuq-üddövlənin bu xəyanətini açıq şəkildə ifşa etmək məqsədilə bir neçə məqalə və bir neçə də şer qələmə almışdır. Həmin şerlərdən biri öz dolğun məzmunu və siyasi kəskinliyi ilə seçilən "Vətən eşqi" mənzuməsidir. Burada belə kəsərli və mənalı misralar vardır:
Həzər o qonaqdan ki, evə ayaq qoymamış
Ev sahiblərini evdən çölə çıxarır.
Bizimlə (İranla) İngilisin müqaviləsi siçan-pişik dastanıdır:
Əgər, pişik siçanı tutarsa, onu buraxarmı?
Biz aslan da olsaq, o, dünyanın tülküsüdür:
Məlumdur ki, aslanı tülkü aldadır.
Eşqinin bu açıq və cəsarətli həmlələrindən qəzəblənmiş baş nazir cavan şairin həbs olunması əmrini verir və o, bir neçə ay zin- danda qalmalı olur. Bu zaman xalqın Qacar istibdadına qarşı dərin nifrətini, Əhməd şahın zəifliyini və imperializmin istəklərini icra etməyə boyun əymədiyini görən İngiltərə müstəmləkəçiləri İrandakı siyasətini başqa bir pərdə altında həyata keçirməyə başladılar. Onlar Londonda Tehranın siyasət səhnəsi üçün yeni bir proqram tərtib edib hazırla- dılar. Nəzərə alınmışdı ki, ingilislərlə yaxın əlaqəsi olan Seyid Ziyaəddinin başçılığı ilə gizli komitə təşkil edilsin. Bu komitənin vəzifəsi dövlət çevrilişi hazırlamaq idi. Bu çevrilişin icraçı qüvvəsi İran kazak briqadası olmalı idi ki, o vaxt cəngəllilərlə vuruşmaq üçün Qəzvində yerləşirdi. Kazak polkovniki Rza xan İngilis agenti Ayren Sayd ilə Qəzvində görüşüb onun göstərişi ilə kazak dəstələrini fevral 1921-ci ildə Tehranın üzərinə yeridir, dövlət idarələrini tutur və dövlət çevrilişi edir. Bu çevriliş nəticəsində Seyid Ziyanın başçılığı ilə yeni dövlət yaradılır. Rza xan şahın fərmanı ilə "Sərdar-e sepəh" ləqəbi alıb kazak dəstələrinin komandanı təyin edilir, 1921-ci ilin aprel ayından isə o, hərbi nazir vəzifəsinə keçir.1 Seyid Ziya baş nazir olandan az sonra Eşqi bilavasitə onun göstərişi ilə həbsxanadan azad olunur. Yeri gəlmişkən deməliyik ki, cavan şair Seyid Ziyanı bir şəxsiyyət kimi yüksək qiymətləndirmiş, onu "köhnə İranı yeniləşdirən", "yüz illik təhlükəli yaranı sağaldan ictimai həkim" adlandırmışdır. Məlumdur ki, Eşqi tarixdə şəxsiyyətin rolu məsələsində yanlış mövqe tutmuş, ona elə gəlmişdir ki, cəmiyyətin yaralarını, ictimai bəlaları aradan qaldırıb sağaltmaq üçün güclü tarixi şəxsiyyətin ol- ması kifayətdir və gənc şairin belə yanlış nəticəyə gəlib çıxmasında, bizcə, Seyid Ziyanın onu zindandan azad etdirməsi faktının da müəy- yən təsiri olmamış deyildir. Seyid Ziyanın başçılıq etdiyi hökumətin əsasən iki məqsədi var idi: İranda milli azadlıq hərəkatını yatırtmaq, İran-sovet münasibət- lərinin yaranması və inkişafına mane olmaq. Lakin imperializmin bütün təşəbbüslərinə baxmayaraq 1921-ci ilin fevral ayının 26-da Sovet-İran müqaviləsi Moskvada imzalandı. Bu müqavilə ilə Sovet- İran münasibətlərində tamamilə yeni bir mərhələ başlandı. İranın mütərəqqi mətbuatı və cəmiyyətləri bu müqaviləni alqışladılar, şair- lər sovet hökumətinə, V.İ.Leninə öz dərin minnətdarlıqlarını səmimi şerləri ilə ifadə etdilər. Seyid Ziyanın "Qara kabinet" adlanan hökuməti cəmi 90 gün hakimiyyət başında qaldı. Rza xanla olan münaqişə və ixtilaflarına görə, eləcə də sarayın və Əhməd şahın Seyid Ziyaya olan nifrətinə əsasən 1920-ci il may ayının 25-də şahın əmri ilə onun baş nazirli- yinə son qoyuldu. Seyid Ziyanın yerinə bir qədər əvvəl Xorasan va- lisi olub kolonel Məhəmmədtəqi xan tərəfindən Məşhəddə tutularaq Tehrana göndərilmiş məşhur feodal Əhməd Qəvam-üssəltənə zin- dandan çıxarılıb baş nazir təyin edilir. Bu kabinetdə də Rza xan hərbi nazir vəzifəsində qalır. İranda azadlıq hərəkatının birinci düşməni olan Rza xan həm öz intiqamını Məhəmmədtəqi xandan almaq, həm də İngiltərə imperializminin göstərişini yerinə yetirmək üçün Xorasana silahlı qüvvə göndərir, oradakı feodal başçılarını da ayağa qaldırır və Xorasan üsyanını qan dənizində boğub yatırdır. Bu vaxt Cəngəl hərəkatı da dərin böhran keçirirdi. Daxili düş- mənlərin pozucu fəaliyyəti nəticəsində birləşmiş cəbhə Gilanda dağı- dılır, cəngəlilər kommunistlərə qarşı sui-qəsd hazırlayır, Heydər xan Əmioğlu Kuçek xanın göstərişi ilə xaincəsinə öldürülür. Belə bir fürsəti axtaran Rza xan kazak dəstələri ilə yürüş edib inqilabçılara divan tutur. 1918–1922-ci illərdə İranda baş vermiş milli azadlıq hərəkatı məğlub olsa da, ölkəni İngiltərə imperializminin hərbi işğalı altına düşməsinə, İranın istiqlaliyyətini sarsıdan 1919-cu il müqaviləsinin qüvvəyə minməsinə və icrasına mane oldu, Qacar istibdadı və feodal- aristokrat hakimiyyətinə möhkəm zərbə vurdu. İngiltərə imperializmi çarizmin süqutundan sonra İranı tam müstəmləkəyə çevirmək ümidini itirsə də, öz mövqelərini imkan daxilində möhkəmləndirməyə, İngilis-İran neft şirkətini qorumağa, Şahənşah bankını, kapitulyasiya rejimini saxlamağa, öz casuslarını hökumət orqanlarına yerləşdirməyə imkan tapdı. Eləcə də İngiltərə imperializmi İranda sosializm ideyalarının yayılmasının qarşısını al- maq, iki qonşu ölkənin normal dostluq münasibətlərinin yaxşılaş- masına əngəl törətmək, qarətçilik siyasətini burada davam etdirmək üçün Rza xanı ən əlverişli adamı hesab edib onun mövqelərini hər vasitə ilə gücləndirdi. Rza xan İran ictimaiyyətinin gözünü qamaşdırıb rəğbətini qa- zanmaq üçün əvvəlcə "Cümhuriyyət" şüarını ortalığa atdı. Bunun bir səbəbi də İranın Əsas qanununda şahlığın Qacar sülaləsinə məxsus olması maddəsi idi. Cümhuriyyət şüarını ortalığa atmaqla şahlıq üsul- idarəsinə ağır zərbə vurmaq məqsədi güdülürdü. Bununla Rza xan hakimiyyəti ələ almaq üçün çoxdan düşündüyü məqsədinə çatmaq, yolunu təmizləmək niyyətində idi. Lakin İranın mütərəqqi mətbuat orqanları, eləcə də Məclis bu şüarın arxasında nələrin ⎯ hansı siyasi- ictimai məqsədlərin gizləndiyini duyub güclü müqavimət göstərdi. Buna görə də Rza xan əlində olan hərbi qüdrətdən maksimum istifadə etməklə Məclisdə öz tərəfdarlarını hər vasitə ilə artırdı. Əhməd şahın da Avropada olması və zəifliyi Qacar sülaləsinin süqutunu sürətləndirdi. Rza xanın 1921-ci il çevrilişindən sonra bütün ixtiyaratı əlinə alması da bu işdə az rol oynamadı. Eşqi Tehranda və ümumən bütün ölkədə siyasi hadisələrin kəskinləşdiyi bir dövrdə ⎯ 1921-ci ilin may ayında Tehranda "İyir- minci əsr" adlı bir qəzet nəşr etməyə başlayır. Onun dörd nömrəsi çap edildikdən sonra müvəqqəti olaraq dayandırılır, 18 aydan sonra ikinci dövrəsinin ilk nömrəsi (1923-cü ilin yanvar ayında) nəşr edilir. Eşqi təbiidir ki, dövrünün açıqgözlü bir ziyalısı kimi, bu zaman Rza xan tərəfindən ortalığa atılmış qondarma respublika şüarının əsil mahiyyətini, onun əslində İngiltərə imperialistlərinin əlilə hazırlan- dığını, yerli hakim dairələr vasitəsilə, Rza xanın bilavasitə rəhbərliyi altında həyata keçirildiyini dərindən dərk edirdi; istər öz qəzetində, istərsə də o dövrdə Tehranda nəşr olunan digər qəzetlərdə həmin siyasətin iç üzünü açıb göstərirdi. Həmin ayların ədəbi məhsulu olan bir çox şer və məqalədə Eşqi respublika şüarını açıq-saçıq şəkildə ifşa etməkdən çəkinmirdi. Məqalələrinin birində istehza ilə yazmışdı: "Qəribə cümhuridir ki, Qərvə kəndləri onu istəyirlər, amma Eşqi bir batmanlıq qalstuku ilə onun əleyhinədir".
1924-cü ilin iyun ayının axırlarında Eşqi "Qərne-bistom"un üçüncü dövrəsinin nəşrinə başlamağa müvəffəq olur. Təəssüf ki, bu dövrədən yalnız bir nömrə işıq üzü gördü. Çünki həmin nömrədə şair Rza xana və onun cümhuriyyət şüarına son dərəcə kəskin və tutarlı bir zərbə də endirmişdi. Burada verilmiş karikaturada ayaqları tərsinə nallanmış bir uzunqulaq, onun üstündə isə sağ əlində silah, sol əlində pul kisəsi tutmuş vəziyyətdə təsvir olunmuş bir quldur təsvir olun- muşdu. Bu karikaturaya baxan az-çox savadlı və ölkədəki siyasi vəziyyətdən xəbərdar olan hər bir şəxs asanlıqla başa düşə bilərdi ki, uzunqulağın ayaqlarına tərsinə vurulmuş nallar ⎯ İranı geri çəkmək, quldur ⎯ Rza xan, silah ⎯ zorakılıq, pul kisəsi ⎯ ingilislərin satqın vətən xainlərinə verdiyi rüşvətin rəmzi idi. Cümhuriyyət şüarını müdafiə və təbliğ edən müxtəlif mətbuat orqanları da bu karikaturada ilan-qurbağa şəklində təsvir edilmiş, onun embleması isə top-tüfəng, balta, qayçı, insan əl-ayağı və skeletlərdən ibarət idi.
Bütün Tehranı, bütün İran ictimaiyyətini sarsıdan və vəlvələyə salan həmin nömrə yayılan kimi qəzet dövlət tərəfindən dərhal bağ- lanır, onun nüsxələri daxili işlər nazirliyinin məmurları tərəfindən yığışdırılır. Eşqi isə bir həftədən sonra, 3 iyul 1924-cü ildə öz evində naməlum şəxslər tərəfindən terror edilib qətlə yetirilir.
Ümumiyyətlə, bu dövr ədəbiyyatında "qan tökmək" çağırışı çox geniş yayılmışdı. Bu ideyanın ən qızğın tərəfdarlarından və tərənnümçülərindən biri də Mirzadə Eşqi idi. O, bir çox məqalə və şerlərində dünyada beş gün qan tökmək fikrini təbliğ edirdi. O və bu fikrin digər tərəfdarları cəmiyyətin ancaq bu yolla əyrilərdən, oğru- lardan, qanunsuz iş görənlərdən təmizlənə biləcəyini düşünürdülər. Eşqi yazırdı: "Cəmiyyətin sağlamlırını qorumaq üçün hər il gərək beş gün qan bayramı keçirilsin. Beş gün qan, beş gün cəza, beş gün inqilab, beş gün qanunların çərxlərini qurmaq lazımdır"215. Bu fikir, əlbəttə, ictimai quruluşun nöqsanlarını aydın görmə- məkdən, cəmiyyətin yaxşı və pis olmasını ayrı-ayrı vəzifəli şəxslərlə, əliəyrilərlə, oğrularla əlaqədar bir məsələ hesab etməkdən irəli gəlirdi. Bu yanlış, qeyri-marksist nöqteyi-nəzər o dövrün, yə'ni otu- zuncu illərin mətbuatında haqlı olraq tənqid edilmişdi. Azərbaycan xalqının böyük oğlu, görkəmli inqilabçı-publisist Seyid Cəfər Pişəvəri Eşqinin " پنج روز عيد خون " məqaləsində irəli sürülən fikir və mülahizələri "Həqiqət" qəzetində dərc etdirdiyi məqaləsində kəskin tənqid atəşinə tutmuşdur. O göstərirdi: "Sizin böyük nöqsanınız budur ki, qan bayramını bütün dünya üçün tələb edirsiniz. Bütün dünyaya xitab edirsiniz, halbuki dünya (məmlə- kətləri) İran kimi deyildir"216. Göründüyü kimi, Eşqi qan tökmək ideyasını bütün cəmiyyət- lərə, hətta sinifsiz cəmiyyətə də aid bir məsələ hesab edirdi. Zahirən elə görünür ki, Fərruxi də Eşqi kimi qan tökmək tərəfdarıdır. Lakin əslində, mahiyyətcə Fərruxi bu məsələdə də, yuxarıdakı şerdən aydın göründüyü kimi, daha artıq obyektiv və inqilabi mövqe tutur. Fərruxi ancaq sinifli cəmiyyətdə qan tökmək tərəfdarıdır.
Mirzadə Eşqi klassik fars şerinin min illik ənənələrini dərindən bilən və yazılarında o qədim ənənələr çərçivəsindən kənara çıxmağa can atan və bu sahədə müəyyən uğurlar qazanan müqtədir bir şair idi: o, eyni zamanda İranın mətbuat tarixində, ictimai fikir dünyasında əbədi yaşamaq hüququ qazanmış bacarıqlı və təcrübəli bir jurnalist idi. Taleinin on ildən bir az artıq yazıb-yaratmaq imkanı verdiyi və bu az müddətdə xeyli siyasi-inqilabi məzmunlu şer, onlarla təsirli publisistik məqalə, bir neçə poema və dram əsəri yazmış Eşqinin həyat və yaradıcılığı öz vətəni İranda və onun hüdudlarından kənarda ⎯ Avropada və keçmiş Sovetlər birliyində, xüsusilə Azərbaycanda İran ədəbiyyatını tədqiq edən alimlərin və mütərcimlərin diqqətini çoxdan cəlb etmişdir, şairin haqqında məqalələr, dissertasiyalar yazılmış, əsərləri müxtəlif xalqların ⎯ rus, azərbaycan, özbək, türkmən və s. dillərinə tərcümə edilib nəşr olunmuşdur. Eşqinin əsərləri öz sağlığında toplanıb ayrıca kitab şəklində çap olunmamışdı. Şüurlu ömrünün çoxu mühacirətlərdə, həbsxana- larda, ədəbi-siyasi mübarizələrdə keçmiş şairin buna nə imkanı, nə də vaxtı var idi. Onun yazılarını ancaq ölümündən sonra müasiri, yaxın dostu olan Əli Əkbər Səlimi ciddi axtarışlar və ağır zəhmətlər bahasına bir yerə toplamış, ilk dəfə 1927-ci ildə "Seçilmiş əsərlər" adı ilə çap etmişdi. 1929-cu ildə Səlimi Eşqinin mükəmməl divanını Tehranda nəşr etdirməyə müvəffəq olur. Həmin divan 1945 və 1952-ci illərdə təkrarən çap olunur və şairi yaxşı tanıyan qələm dostları və yoldaşları ⎯ M.T.Bahar, S.Nəfisi və başqaları tərəfindən Eşqinin ya- digarlarına yüksək qiymət verilir və Əli Əkbər Səliminin bu sahədəki xidmətləri xüsusi qeyd olunur. İranda çap olunmuş bir sıra kitablarda, o cümlədən S.M.Bor- qeinin "Müasir dövrün məşhur şairləri", M.Tohidipurun "Əbədi çiçəklər", Ə.M.Sepehromun "Ölməz fars şairləri" adlı şer antolo- giyalarında, Z.Mötəmənin "Fars şerinin təkamülü", Y.Ariyənpurun "Səbadan Nimaya qədər" və s. tədqiqat əsərlərində Eşqi haqqında maraqlı mülahizələrə rast gəlirik. Avropa alimlərindən Yan Ripkanın "İran ədəbiyyatı tarixi", İtalyan alimlərindən A.Paqliaro və A.Bauzaninin "Fars ədəbiyyatı tarixi" və s. əsərlərində Eşqinin yaradıcılıq istiqaməti və məfkurəvi mövqeyi barədə qiymətli qeydlərə təsadüf edilir. Rus alimlərindən Y.E.Bertels "Fars ədəbiyyatı tarixi oçerk- ləri", K.Çaykin "Ən yeni fars ədəbiyyatının qısa oçerki"1 kitabında, Y.N.Marr "Yeni fars ədəbiyyatı kursuna giriş mühazirəsi"2, A.Roma- şeviç "Müasir İranda ədəbi hərəkat"3 adlı məqalələrində də şair haqqında yığcam məlumat vermişlər. Eşqinin həyatı və yaradıcılığı barədə ətraflı və samballı fikir söyləyib tədqiqat işi aparmış Azərbaycan alimlərindən iki tədqiqat- çını xüsusi qeyd etməyi lazım bilirik. İran ədəbiyyatının Azərbaycan- da tədqiqi və tədrisi sahəsində az qala əlli ilə yaxın səmərəli fəa- liyyət göstərmiş professor Mübariz Əlizadə özünün fundamental "XIX və XX əsrlər fars ədəbiyyaında demokratik ideyaların inkişafı yolları"4 adlı doktorluq dissertasiyasında görkəmli şair Eşqinin ədəbi- siyasi fəaliyyətini yeni materiallar əsasında işıqlandırır, onun haqqın- da oxuculara ətraflı məlumat verir. Tədqiqatçı şairin həyatı, yaradı- cılığı, ideya-məfkurə istiqaməti, habelə onun bir sənətkar, bir ictimai xadim kimi dünyagörüşündə müşahidə olunan bəzi qüsurlu cəhətlər üzərində geniş şəkildə dayanır. Yeri gəlmişkən bunu da qeyd etməyi lazım bilirik ki, görkəmli alim, şair-mütərcim M.Əlizadə Eşqinin yaradıcılığı ilə hələ 40-cı illərdən ciddi surətdə maraqlanmış, əsərlərini fars dilindən doğma dilimizə böyük ustalıqla tərcümə etmiş və 1947-ci ildə ayrıca kitab kimi Bakıda çap etdirmişdir.5 Bu tərcümələrin keyfiyyətindən ətraflı danışmaq imkanı olmasa da, qısaca olaraq qeyd etməliyik ki, şair- mütərcim bütün yaradıcılıq imkanlarını səfərbər edərək Eşqinin əsərlərinin fars dilindəki təravətini, hətta vəznini belə saxlamağa müvəffəq olmuşdur: belə ki, həmin əsərləri oxuyarkən onların başqa bir dildən tərcümə olunduğunu oxucu unudur və elə sanır ki, şair bu dərin məzmunlu, son dərəcə poetik əsərləri elə azərbaycanca yaz- mışdır. Bu isə, məlum olduğu kimi, tərcümə sənətində mühüm bir yaradıcılıq məsələsi hesab olunur. Mərhum alimimiz A.Dadaşov 1965-ci ildə Eşqinin həyat və yaradıcılığı haqqında namizədlik dissertasiyası yazmış və müvəffə- qiyyətlə müdafiə etmişdir.1 A.Dadaşov şairin həyat və yaradıcılıq yolunu işıqlandıran bir neçə məqalə də çap etdirmişdir. Bunlardan başqa sovet iranşünaslarından A.Şoytovun,2 Z.Ri- zayevin,3 B.Hüseynovun4 və başqalarının müasir İran ədəbiyyatına dair əsərlərində də Mirzadə Eşqi barədə bir sıra dəyərli elmi mülahi- zələr vardır. İran ədəbiyyatı tarixində inqilabi ruhlu poeziyanın ya- ranmasında və formalaşmasında yenilikçi şair hesab edilən, şerin, sənətin vəzifəsinin xalqa, vətənə xidmət etmək olduğunu təsdiq və sübut eləyən Mirzadə Eşqi çox gənc yaşlarında, hələ 1910-cu ilin axırlarında Tehranda çıxan "Siyasət" qəzetində çap etdirdiyi şer və məqalələrində riyakar dövlət xadimlərinə, onların xalqın ziyanına apardıqları yaramaz siyasətə qarşı kəskin çıxışlar edirdi. Elə bu ilk yazıların siyasi əhvali-ruhiyyəsi, cəsarəti göstərirdi ki, fars ədəbiyya- tına qorxmaz, mübariz, vətəndaş və vətənpərvər bir şair gəlmək- dədir. Onun sonrakı illərdə bir-birinin dalınca coşğun ilhamla və siyasi pafosla qələmə aldığı "Se tablo" (Bir qoca kəndlinin idealı), "Novruzinamə" adlı iri həcmli əsərləri, "İran şahlarının dirilməsi" adlı opera liberettosu, "Qurbanəli Kaşi", "Nakam Cəmşid" adlı pyes- ləri və yüzlərlə dərin ictimai məzmunlu şerləri bu fikri təsdiq etmiş oldu. "Novruzinamə" əsərinin nəsrlə yazılmış birinci hissəsində şair yeni ədəbi üslub yaratmaq zərurətini irəli sürürdü. Hər şeyin, cansız- ların belə dəyişdiyi bir dövrdə ədəbiyyatın öz yerində saymasını təəccüb doğuran bir hadisə sayırdı. Eşqinin öz əsərlərində köhnə, şablon mövzular çərçivəsini qırıb parçalamaq, şeri yeni bir ab-hava ilə zənginləşdirmək yolunda göstərdiyi cəhdlər, çırpıntılar açıq-aydın hiss olunmaqdadır. Lakin bununla belə nə Eşqi, nə də ondan çox əvvəllər fars şerinə yeni mövzu və üslub gətirmək lüzumunu irəli sürmüş ədib Pişavəri, Mirzə Ağaxan Kermani, Dehxuda və digərləri fars dili və ədəbiyyatını zənginləşdirən əsərlər yaratmış, faktik olaraq bir yenilikçi şair kimi yeniləşməyə kömək etmişlərsə də, onların heç biri bu yeniləşməni tam, əhatəli bir proses kimi təsəvvür etməmiş, məhz nəyi və necə dəyişmək, hansı yeniliyi gətirmək lazım olduğunu konkret göstərə bilməmişlər. İran ədəbiyyatı tədqiqatçılarının çoxunun fikrincə, Mirzadə Eşqi XX əsrin əvvəllərində fars şerində inqilabi romantizm təma- yüllərinin aparıcı nümayəndələrindən biri hesab oluna bilər. Mirzadə Eşqinin əsil yaradıcılıq simasını, vətəndaşlıq mövqe- yini, İran ədəbiyyatı tarixindəki mübahisəsiz yerini hər şeydən əvvəl "Novruzinamə", "İran sultanlarının dirilməsi", "Qara kəfən", "Ehtiyac", "Vətən eşqi", "Üç tablo" və s. kimi yüksək sənət nümu- nələri olan əsərləri müəyyənləşdirmək üçün zəngin material verir. Yeri gəlmişkən bunu da qeyd etmək lazımdır ki, Eşqinin icti- mai-siyasi görüşlərini onun yalnız poetik əsərlərində axtarmaq düzgün olmazdı. Ziddiyyətli bir mühitdə yaşamış və bu ziddiyyətlər içində çırpınan sənətkarın inqilaba, siyasi həyata, tarixdə şəxsiyyətin roluna, xalqın tarixdə hərəkətverici qüvvə olmasına və s. kimi o dövrün qabaqcıl sənət adamlarını düşündürən qabaqcıl sənət adam- larını düşündürən məsələlərə baxışlarını öyrənmək baxımından onun publisistik əsərlərinin də böyük əhəmiyyəti vardır. Bu cəhətdən şairin həm bədii, həm də ictimai-siyasi-fəlsəfi dəyəri etibarilə yara- dıcılığında xüsusi mərhələ təşkil eləyən və nə qədər qəribə olsa da, başqa əsərlərinə nisbətən az öyrənilmiş "Beş gün qan bayramı" məqalələr silsiləsi böyük elmi və ədəbi qiymətə malikdir.