Qovlar — Azərbaycan RespublikasınınTovuz rayonunun Qovlar şəhər inzibati ərazi dairəsində şəhər.[3] Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Qovlar qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Qovlar qəsəbəsinə şəhər statusu verilmiş, Qovlar qəsəbə inzibati ərazi dairəsi Qovlar şəhər inzibati ərazi dairəsi hesab edilmişdir.[4]
Tovuz rayonunda ikinci şəhər olan Qovlar rayondan Bakı şəhəri istiqamətində hərəkət edərkən Tovuz çayı körpüsünü keçdikdən sonra təxminən 4–5 km uzaqlıqda yolun sağ tərəfində yerləşir. Qovlar qəsəbəsi öz yerləşmə mövqeyinə və infrastruktur imkanlarına görə Tovuz rayonunun iqtisadi göstəricilərində son dərəcə mühüm və həlledici rol oynamışdır.
Qovlar şəhər sakinlərinin də əsas fəaliyyət növü rayonun digər yerlərində olduğu kimi əkinçilik, maldarlıq və üzümçülükdür. Şəhərdə məktəblər, uşaq baxçaları , xəstəxana, klinika və digər sosial təyinatlı obyektlər mövcuddur. Azərbaycan dəmiryol qovşağının Gürcüstan-Ermənistan xətti üzərində yerləşən Qovlar stansiyası Tovuz rayon dəmiryol qovşağının yük daşımaları sahəsində əsas stansiyası sayılır.
Şəhərdə 4.022 təsərrüfat var. Şəhər əhalisi əsasən heyvandarlıq, əkinçilik, üzümçülüklə məşğuldur. Sənaye müəssisələrindən şərab zavodu, dəmir-beton zavodu, dəyirman və soyuducu sexlər, neft məhsulları bazası, Qovlar mebel istehsalı mövcuddur.
Şəhərdə 1 №-li və 2 №-li Qovlar şəhər kitabxana filialları, Qovlar şəhər Mədəniyyət Evi, Qovlar şəhər klubu və Qovlar poçt şöbəsi (AZ6035) fəaliyyət göstərir.[7][8][9][10]
Şəhərdə dəmiryolu vağzalı var.
Şəhərdə Qədim Göytəpə (Neolit dövrünə aid) yaşayış məskəni yerləşir
Şəhərdə Məharət Məmmədov adına Qovlar şəhər tam orta məktəbi, Sovet Kazımov adına Qovlar şəhər tam orta məktəbi, Qovlar şəhər 2 №-li və 3 №-li tam orta məktəbləri, Qovlar şəhər qarışıq tipli internat məktəbi, Tovuz Dövlət Sosial-İqtisad Kolleci və Qovlar Şəhər Uşaq Musiqi Məktəbi fəaliyyət göstərir.[11][12][13]
Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı ilə Tovuz rayonunun Qovlar şəhərində 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi üçün 1 380 000 manat vəsait ayrılmışdır.[14][15] Hazırda şəhərdə Qovlar şəhər 1 №-li və 2 №-li körpələr evi-uşaq bağçaları fəaliyyətdədir.[16]