Rüfət Ağayev

Rüfət Ağababa oğlu Ağayev (13 fevral 1945, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının İtaliya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri (1992–1994; de-yure), Azərbaycan Respublikası Baş nazirinin müavini (1992), Bakı Şəhər İcra Hakimiyyətinin başçısı (1991–1992), Bakı Şəhər Xalq Deputatları Sovetinin sədri (1990–1991), Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi (1990–1991), Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri (1989–1990).

Rüfət Ağayev
bayraq
Azərbaycan Respublikasının İtaliya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri[a]
bayraq2
21 iyul 1992 – 15 oktyabr 1994
Əvvəlkivəzifə təsis edilib
SonrakıElmar Məmmədyarov (2003-cü ildən)
4 may 1992 – 21 iyul 1992
Baş nazirFeyruz Mustafayev (i. e.)
Rəhim Hüseynov
11 noyabr 1991 – 1992
Əvvəlkivəzifə təsis edilib
SonrakıAğasəlim Bağırov
28 iyun 1990 – 11 noyabr 1991
Sonrakıvəzifə ləğv edilib
13 fevral 1990 – sentyabr 1991
ƏvvəlkiMüslüm Məmmədov
Sonrakıvəzifə ləğv edilib
bayraq
Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri
bayraq2
27 mart 1989 – 25 iyun 1990
ƏvvəlkiLidiya Rəsulova
SonrakıKamran Ağahüseynov
Şəxsi məlumatlar
Doğum tarixi 13 fevral 1945(1945-02-13) (79 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi

Sovet Azərbaycanı dövründə

[redaktə | mənbəni redaktə et]

Rüfət Ağababa oğlu Ağayev 13 fevral 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1967-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. Elə həmin ildən əmək fəaliyyətinə başlayaraq Bakı elektromaşınqayırma zavodunda emalatxana ustasının köməkçisi, patent bürosunun mühəndisi olmuş, 1969-cu ildən SSRİ Dövlət Standartlaşdırma Komitəsində mühəndis vəzifəsində işləmişdir. 1970–1972-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçmişdir. 1972-ci ildən yenidən SSRİ Dövlət Standartlaşdırma Komitəsində çalışmış, burada böyük mühəndis, qrup rəhbəri olmuşdur.[1]

Rüfət Ağayev 1974-cü ildən Bakı Aqreqat İstehsal Konstruktor Birliyində baş mühəndis müavini, 1975-ci ildən baş mühəndis, 1976-cı ildən Sumqayıt kompressorlar zavodunun direktoru, 1978-ci ildən "Bakıelektroməişətcihaz" istehsalat birliyinin baş direktoru olmuşdur. 1989–1990-cı illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurasına rəhbərlik etmişdir. 1990-cı ilin fevral ayında Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi seçilmişdir.[1]

Rüfət Ağayev 1970-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. 1990-cı ilin iyul ayından Sov. İKP Mərkəzi Komitəsinin üzvü olmuş, SSRİ Ali Sovetinin xalq deputatı seçilmişdir.[1]

Azərbaycan SSR Ali Sovetinə 1990-cı ildə keçirilən seçkilərdə Rüfət Ağayev 5 saylı Mərdəkan seçki dairəsindən deputat seçilmişdir. O, Azərbaycan Ali Sovetinin 5 fevral 1991-ci il tarixli qərarı ilə Azərbaycan SSR xalq deputatlarının səlahiyyətini yoxlamaq üçün 15 nəfər Azərbaycan SSR xalq deputatından ibarət yaradılmış Mandat komissiyasının üzvü seçilmişdir.[2]

Azərbaycanın müstəqilliyi dövründə

[redaktə | mənbəni redaktə et]

Müstəqilliyin elanından sonra Rüfət Ağayev Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Yaqub Məmmədovun 4 may 1992-ci il tarixli 712 nömrəli fərmanı ilə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin olunmuşdur.[3] Azərbaycan Respublikası Prezidenti Əbülfəz Elçibəyin 21 iyul 1992-ci il tarixli 72 nömrəli fərmanı ilə başqa işə keçdiyi üçün vəzifəsindən azad edilmişdir.[4] Rüfət Ağayev 21 iyul 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 73 nömrəli fərmanı ilə eyni fərmanla yaradılmış Azərbaycan Respublikasının İtaliya Respublikasındakı diplomatik nümayəndəliyinə Fövqəladə və Səlahiyyətli Səfir diplomat dərəcəsi verilərək Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.[5] Buna baxmayaraq, Rüfət Ağayev de-fakto olaraq səfir göndərilməmişdir.[6] 15 oktyabr 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı 224 nömrəli fərmanla Azərbaycan Respublikasının Prezidentinin 21 iyul 1992-ci il tarixli "Azərbaycan Respublikasının İtaliya Respublikasında səfirliyinin açılması haqqında" 72 nömrəli fərmanı ləğv edilmişdir.[7] Beləliklə, Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyi bağlanmışdır.

Rüfət Ağayev 1998-ci ildə Azərbaycanı tərk edərək Rusiyaya köçmüşdür. O, orada 1998-ci ildən Ukraynada fəaliyyət göstərən "Nord" ASC-nin Rusiya üzrə nümayəndəsi olaraq çalışmışdır.[8]

Rüfət Ağayev 2003-cü il prezident seçkilərində iştirak etmək üçün Bakıya gələrək sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir, lakin onun prezidentliyə namizədliyi qeydə alınmamışdır. Mərkəzi Seçki Komissiyası rəsmi açıqlamasında komissiya iclasında namizədliyin qeydə alınmaması qərarının alınma səbəbinin "namizədin iş yeri ilə bağlı sənədlərini təqdim edə bilməməsi" olduğunu elan etmiş və o dövrkü komissiya katibi İnqilab Nadirov Rüfət Ağayevin iş yeri kimi qeyd etdiyi "Nord" ASC-nin beynəlxalq silah qaçaqmalçılığında ittiham olunduğunu demişdir. Bundan sonra Rüfət Ağayev Rusiyaya geri dönmüşdür[8]

  1. Təyin edilsə də, səfir göndərilməmişdir.
  1. 1 2 3 Агаев Руфат Агабаба оглу // Известия ЦК КПСС (rus). № 10. Москва: издательство ЦК КПСС «Правда». 1990. С. 30.
  2. "Azərbaycan SSR Ali Soveti Mandat komissiyasının seçilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİNİN QƏRARI". 2023-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-31.
  3. "712 - R. A. Ağayevin Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilməsi haqqında". e-qanun.az. 3 sentyabr 2021 tarixində arxivləşdirilib.
  4. "72 - R. A. Ağayevin Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında". e-qanun.az. 3 sentyabr 2021 tarixində arxivləşdirilib.
  5. "Azərbaycan Respublikasının İtaliya Respublikasında səfirliyinin açılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2023-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-31.
  6. Ədalət Tahirzadə. Meydan: 4 il 4 ay. Bakı: Qanun. 2020. səh. 1175.
  7. "Azərbaycan Respublikasının İtaliya Respublikasında səfirliyinin açılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 21 iyul tarixli fərmanının ləğvi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı // Azərbaycan Respublikası Prezidentinin Fərmanları və Sərəncamları. № 4. Bakı. 1995. S. 58.
  8. 1 2 "Mütəllibovun didərgin komandası: Onlar haradadırlar? — ARAŞDIRMA". 2023-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-31.