Suriya iqtisadiyyatı

Ümumi iqisadi göstəricilər

[redaktə | mənbəni redaktə et]

İstiqlaliyyətini 1943-cü ildə əldə etsə də, Suriya ancaq II Dünya müharibəsindən sonra müstəqil siyasi və iqtisadi inkişaf yoluna qədəm qoydu. Milli və iqtisadi müstəqilliyinin ilk illərində Suriya Yaxın və Orta Şərqdə kapitalizm münasibətləri hələ rüşeym halında olan aqrar-xammal ölkələrindən biri idi. O zaman ölkə iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edirdi.[1]

Suriya hökumətinin həyata keçirdiyi ilk tədbirlər sırasına yerli pulun xarici valyutadan asıllığının qarşısını almaqdır. Milli sənayeni inkişaf etdirmək məqsədilə dövlət bir sıra bankları, hərəsində 100 nəfərdən artıq fəhlə çalışan müəssisələri, habelə sığorta şirkətlərini milliləşdirdi. Ölkənin yeraltı sərvətləri ümumdövlət mülkiyyəti elan olundu, elektrik stansiyalarının üzərinə dövlət nəzarəti qoyuldu.

Suriya hökumətinin iqtisadiyyat sahəsində həyata keçirdiyi ən mühüm tədbirlərdən biri də dövlət bölmələrinin yaradılması idi. Bu prosesin ilk illərində dövlət keçmiş müstəmləkə inzibati idarəsinə mənsub olan mülkiyyəti, xarici şirkətlərə məxsus olan zavod və fabrikləri pul ilə onlardan satın alırdı. Artıq 1965-ci ilin əvvəlləri üçün İraq və Səudiyyə Ərəbistanından başlayıb Suriya ərazisindən keçən neft kəmərləri istisna olmaqla xarici kapital Suriyada öz mövqeyini, demək olar ki, tamamilə itirdi. Sonrakı illərdə dövlət bölmələrinin genişləndirilməsi işinə diqqət daha da artırıldı. Hazırda Suriya sənayesinin istehsal etdiyi ümumi məhsulun yarıdan çoxu dövlət bölmələrinin payına düşür.[2]

Suriya hazırda çətin dövrünü yaşayır.[3]

Suriya iqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

İqtisadiyyatın aparıcı sahələrini ələ keçirən Suriya hökuməti planlı inkişaf yolunda ilk addımlarını atmağa başladı. İlk beşillik planın (1961-1965) yerinə yetirilməsi üçün iqtisadiyyata 2,7 mlrd. Suriya funtu məbləğində kapital qoyulmuşdu. Bu plana görə ölkənin ümumi sənaye artımı hər il 7 faizdən az olmamalı idi.[4].

1966-1970-ci illəri əhatə edən II beşillik planın vəzifələrini həyata keçirmək üçün ölkə iqtisadiyyatına təqribən 5 mlrd. Suriya funtu məbləğində kapital qoyulur. İkinci beşillik plan sənaye və nəqliyyat tikintisinə, istilik-energetika bazasının möhkəmlənməsinə və sosial-ictimai məsələlərin inkişafına xüsusi diqqət verməli idi.

1967-ci ildə baş vermiş İsrail-Ərəb müharibəsi beşillik planların həyata keçirilməsinə maneçilik törətdi.[5]

XX əsrin axırlarına yaxın Suriyanın sosial-iqtisadi vəziyyəti bir qədər ağırlaşdı. Bunun səbəbləri çoxdur. Bu səbəblər içərisində dünya bazarında neftin satış qiymətlərinin stabil olmaması, bəzi ərəb ölkələrinin Suriyaya göstərdikləri əvəzsiz köməkdən imtina etmələri, Livanda ekspedisiya korpusunun saxlanması, Fələstinin açıq-aşkar müdafiə etməsi ilə əlaqədar İsrail və Qərb ölkələri ilə münasibətlərindəki gərginlik və s. bu qəbildən olanlardır. Xarici mütəxəssislər belə hesab edirlər ki, Suriyanın dövlət büdcəsinin 40-45 faizi hərbi xərclərə sərf olunur.

Region ölkələrinin əksəriyyətindən fərqli olaraq Suriya iqtisadiyyatında dövlət öz aparıcı rolunu saxlamaqdadır. Maliyyə, xarici ticarət, dəmir yolu, hava nəqliyyatı və s. tamamilə dövlətin nəzarətindədir. Bununla yanaşı son illərdə iqtisadiyyatda liberallaşdırma və şəxsi bölmənin genişləndirilməsi istiqamətində addımlar atmağa başlanılmışdır. Şəxsi bölmə kənd təsərrüfatı, parakəndə satış, turizm və mehmanxana biznesində, xidmətin müxtəlif sahələri, mənzil tikintisində özünə geniş yer tuta bilmişdir.

2000-ci ildə yeni prezident hakimiyyətə gəlməklə ölkəyə xarici kapitalın cəlb edilməsi üçün geniş işlər görməyə başlanılmış, bütün əsas fondların 30 faizdən çoxunun yer aldığı dövlət sektorunun yenidən qurulması proqramının icrası başlanılmışdır.

2005-ci ildə ölkənin ümumdaxili məhsulunun həcmi 60 mlrd. ABŞ dollarına çatmışdır. Bu isə adambaşına 3500 dollar düşməsinə səbəb olmuşdur. İqtisadiyyatın inkişaf tempi 90-cı illərdə 5,6 faiz təşkil etsə də, 2005-ci ildə bu rəqəm 3,2 faiz həddinə enmişdir. İqtisadiyyatın sahələr üzrə strukturuna (2004-ci il) kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq Ümumdaxili məhsulun 27 faizini, sənaye sahələri 23 faizini, xidmət sahələri isə 50 faizini təşkil edirdi.

Sənayenin aparıcı sahələri. Sənaye Suriya iqtisadiyyatında sürətlə inkişaf edən sahələrdən biridir. Ölkə sənayesində hasilat, neft emalı, metal emalı, hərbi, energetika, kimya, tikinti, yüngül yeyinti sahələri nisbətən inkişaf etmişdir. Əmək qabiliyyətli əhalinin 30 faizə qədəri bu sahələrdə çalışır.

Hasilat sənayesi son illərdə iqtisadiyyatın nisbətən dinamik sahəsinə çevrilmişdir. Neft ehtiyatlarının təqribən 500 mln. tona yaxın olması məlumdur. İllik hasilat isə orta hesabla 30 mln. tondur. Suriyada bərk yanacağın az olması, təbii qaz və su resurslarından zəif istifadə ölkənin enerji balansında neft çıxarmanın rolunu qüvvətləndirmişdir.

Suriya ərazisində Rumelan, Cibis, Hələb, Cənubi Fərat və Tədmor adlanan 5 iri neft sənaye rayonu ayırmaq olar. 2005-ci ilə olan məlumata əsasən ölkədə 72 neft-qaz yatağı açılıb. Ancaq bu yataqların əksəriyyətinin nefti ağır, parafinli və kükürdlüdür. Hazırda ölkədə sənaye istismarında 7, təcrübə-sınaq istismarında isə 16 yataq fəaliyyət göstərir.

Suriya ərazisində əsas neft rayonu Rumelandır. Ölkədə olan neft ehtiyatının və çıxarılan neftin yarıdan çoxu bu yatağın payına düşür. Ölkə rəhbərliyi Suriyanın neftçıxarma sənayesinin gələcəyini dövlətə məxsus neft şirkətlərinin xarici partnyorlarla əməkdaşlığında görür. 1989-cu ildən bəri Suriyada ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, Fransa, Norveç şirkətləri neft və qaz kəşfiyyatı işləri ilə məşğul olurlar. Suriyanın neft emalı müəssisələrinin illik gücü 12 mln. tondur. Hims və Bəniyasda yerləşən bu zavodlarda texniki yanacaq, müxtəlif sürtgü yağları və b. məhsullar istehsal olunur. Suriyada neftlə bərabər təbii qaz da çıxarılır. Ölkədə neft və qazla yanaşı dəmir filizi (ehtiyatı 450 mln. ton), fosfat (ehtiyatı 1,5 mlrd. ton), sement, daşduz da çıxarılır. Yerli fosforit əsasında ölkədə mineral gübrə istehsalına başlanılmışdır. Fosfat gübrələri daxili təlabatı ödəməklə yanaşı ixrac da olunurlar. Kimya sənayesi gübrə və yuyucu maddələrlə yanaşı, lak və boyalar, sintetik materiallar, əczaçılıq və kosmetika məhsulları istehsal edir.

Emaledici sənayenin payına Suriya milli sənayesinin təqribən 20 faizi düşür. Emaledici sənaye sahələri içərisində kapital qoyuluşuna, fəhlələrin sayına və ümumi məhsulunun dəyərinə görə ən inkişaf etmiş toxuculuq sənayesidir. Suriyanın toxuculuq sənayesinin əsasını pambıqtəmizləmə, əyirici, tikiş, trikotaj və corab istehsal edən müəssisələr təşkil edir. Suriyanın toxuculuq sənayesi yerli xammal əsasında inkişaf etməyə başlamışdır. Ölkədə 150 mindən artıq dəzgahı olan ondan artıq əyirici fabrik vardır. Bu fabriklərdə bir ildə təxminən 35 min ton pambıq parçaya olan daxili tələbatını tamamilə ödəyir və müəyyən hissəni ixrac etməyə imkan yaradır. Ölkədə toxuculuq məmulatı istehsalı ildən-ilə artır. Pambıq parça ilə yanaşı ölkədə yun və ipək parça toxuculuğu da inkişaf etdirilir. Suriyada hər il orta hesabla 2 min ton yun ipliyi hazırlanır.

Suriya toxuculuq sənayesinin ixrac üçün istehsal etdiyi hazır məmulatı ilk növbədə Ərəb ölkələrinə, pambıq ipliyi isə Rusiya, Rumıniya, Almaniya, İtaliya və başqa ölkələrə göndərir. Yeyinti sənayesi əhəmiyyətinə görə toxuculuq sənayesindən sonra ikinci yeri tutur. Yeyinti sənayesinin əsasını şəkər, bitki yağı, konserv, içki, tütün məmulatı istehsalı ilə məşğul olan müəssisələr təşkil edir.

Suriyanın təbii şəraiti şəkər istehsalı üçün əlverişli hesab olunur. Son illərdə şəkər çuğunduru əkin sahələri 13,5 min hektardan 36,0 min hektara qədər, məhsul toplanması 201,6 min tondan 1,3 mln. tona qədər, bir hektardan orta məhsuldarlıq isə 15 tondan 36 tona qədər artmışdır. Ölkədə olan 7 şəkərçuğunduru emalı zavodlarının (Hims, Əzra, Raqqa, Deyr-əz-Zur, əl-Tab, Miskin və Təəl-Sabah) birgünlük istehsal qüvvəsi 750 tondan 4000 tona qədər artmışdır. Ölkədə bitki yağı istehsal edən irili-xırdalı yüzlərcə kiçik müəssisə var. Konserv zavodlarının sayı ondan çoxdur. Bir neçə dövlət tütün fabriki bir ildə 5 min ton tütün məmulatı istehsal edir.

Suriyada böyük tikintilər başlandığından tikinti materialları sənayesinin, xüsusilə sement istehsalının əhəmiyyəti xeyli artmışdır. Köhnə müəssisələrinin modernləşdirilməsi və yeni zavodların tikintisi hesabına sement istehsalı ilə «Ceneral sement kompani» şirkəti məşğul olur. Bu şirkətin yeddi şəhərdə (Dəməşq, Hələb, Həmət, Laziqiyyə və s.) iri müəssisələri var. İstehsal olunan sementin böyük hissəsi ölkə daxilində istifadə olunur. Bununla belə qonşu ölkələrə hər il 500-600 min ton sement ixrac edilir.

Sement zavodlarından başqa ölkədə dəmir-beton şpalları hazırlayan zavod, şüşə zavodu, ağac emalı zavodları və tikinti sənayesinə lazım olan başqa müəssisələr var. Suriyada kağız və karton istehsal edən bir neçə müəssisə var. Bu müəssisələr bir ildə 35 min ton məhsul istehsal etmək qüvvəsinə malikdirlər. Yerli müəssisələrin istehsal etdikləri kağız və karton məmulatı ölkə ehtiyacını ödəyə bilmir.[6]

Metallurgiya, metal emalı və maşınqayırma sənayesi 400-dən artıq müxtəlif təmir, mexaniki və metalemaledici müəssisələrdə cəmlənmişdir. Ölkədə idxal olunan hissələrdən soyuducu, paltaryuyan maşın, televizor, elektrik və su sayğacları istehsal edən müəssisələr var.

Qərbi Suriyada zeytunluq, Hims mühafazası.

Kənd təsərrüfatının aparıcı sahələri. Əmək qabiliyyəti olan adamların təqribən yarısını özündə birləşdirən kənd təsərrüfatı ölkə milli gəlirinin ancaq 20 faizini yarada bilir, kənd təsərrüfatında üç bölmə: dövlət, kooperativ və kiçik kəndli təsərrüfatları fəaliyyət göstərir. 1958-ci ildə icarə münasibətləri və aqrar islahatlar haqqındı ilk qanun qəbul olunur. 1963 və 1970-ci ildə aqrar islahat qanunlarına mühüm əlavələr edildikdən sonra torpaq sahibkarlarının mülkiyyəti bir qədər məhdudlaşdırılmışdır.

Aqrar islahatlardan sonra dövlətdən torpaq almış kəndlilər arasında kooperativ hərəkat genişlənməyə başlayır. Hazırda Suriyada 1,8 mln. hektar sahəsi olan 4500-dən artıq kooperativ təsərrüfat var. Ölkə kənd təsərrüfat məhsulları istehsalının 45 faizi bu kooperativlərin payına düşür.

Ümumi sahəsi 18,4 mln. hektar olan Suriya torpaqlarının 8,7 mln.-u kənd təsərrüfatı üçün əlverişlidir, bunun isə təqribən 6,0 mln. hektarından istifadə olunur. Fərat vadisində və oazislərdə suvarılan əkinçilik üstünlük təşkil edir. Becərilən torpaqlarda əsasən dənli (buğda, arpa, qarğıdalı), texniki (pambıq, tütün, şəkər çuğunduru) bitkilər yetişdirilir. Suriyada bostan və tərəvəz bitkiləri, üzüm və meyvə bağları da geniş ərazi tutur. Kənd təsərrüfatı məhsuldarlığının qeyri-sabit və aşağı səviyyədə olması onun texniki-iqtisadi geriliyi ilə bağlıdır. Suriyada əl əməyindən və qoşqu heyvanlarının gücündən hələ çox istifadə olunur. Yem çatışmazlığı üzündən heyvandarlıq lazımi səviyyədə inkişaf edə bilməmişdir. Ölkədə ət, yağ, yun, dəri və bağırsağa (kolbasa istehsalı üçün) olan tələbatın müəyyən hissəsi yerli imkanlar hesabına ödənilir.

Əsasən ekstensiv istiqamətdə (yəni kəmiyyətə üstünlük verməklə inkişaf edən) heyvandarlığın məhsuldarlıq səviyyəsi aşağıdır. Baytarlıq mədəniyyətinin zəif inkişafı, otlaqların çatışmazlığı, müharibələr və başqa səbəblər üzündən son illərdə ev heyvanlarının sayı bir qədər azalmış, təbii artım isə çox zəif olmuşdur.

Suriya hökuməti heyvandarlıqdakı geriliyi aradan qaldırmaq üçün nümunəvi fermalar, elmi-tədqiqat mərkəzləri yaratmışdır.

Ölkədə əhalinin ət məhsullarına olan tələbatını ödəmək üçün böyük şəhərlərin ətrafında broyler təsərrüfatları yaradılır. Suriyanın sahil sularında balıq ovu inkişaf etdirilir (ildə orta hesabla 12-13 min ton balıq ovlanır).

Nəqliyyatı. Suriyanın nəqliyyat şəbəkəsi o qədər də yaxşı inkişaf edə bilməmişdir. Burada hər min kv. km əraziyə təqribən 6 km uzunluğunda dəmir və 65 km uzunluğunda şose yolu düşür. Bu göstəriciyə görə Suriya qonşuları Türkiyə və İraqdan geri qalır. Ölkə daxili yük və sərnişin daşımalarının 80 faizə qədəri avtomobil yollarının payına düşür. Suriyanın bərk örtüklü avtomobil yollarının uzunluğu 40, dəmir yollarınınkı isə 3,1 min kmdir. Boru kəməri nəqliyyatı neftin İraq və Səudiyyə Ərəbistanından tranzit axınına, həmçinin ölkə neftinin nəqlinə hesablanmışdır.

Ölkənin avtomobil yollarının 5 min km-i iqtisadi və strateji əhəmiyyətinə görə beynəlxalq dərəcəlidir. Suriyadan avtomobillə Livana, Ürdünə, İraqa, Türkiyəyə getmək olar. Ölkə daxili ən mühüm dəmir yolu Qamışlı-Laziqiyyə (uz. 758 km) xəttidir.

Dəniz nəqliyyatı lazımi səviyyədə inkişaf edə bilməmişdir. Laziqiyyə, Tartus və Bəniyas ölkənin ən böyük dəniz portlarıdır. Dəməşq və Hələb şəhərlərinin yaxınlığında beynəlxalq dərəcəli təyyarə portları fəaliyyət göstərir.

Suriyanın xarici iqtisadi əlaqələri

[redaktə | mənbəni redaktə et]

Xarici ticarət. Ölkə iqtisadiyyatında xarici ticarət xüsusi əhəmiyyət kəsb edir. Xarici iqtisadi siyasət sahəsində Suriya hökuməti balanslaşdırılmış yanaşma nümayiş etdirir. Ərəb həmrəyliyinə meyllidir və invistisiya ab-havasının yaxşılaşdırılmasına çalışır. Suriya ixracatının əsasını neft, pambıq, sement, arpa, diri heyvan, müxtəlif meyvələr, yun, gön-dəri və s. təşkil edir. Ölkə ixracatından gələn gəlirin təqribən 40 faizi neft və neft məhsullarının, 30 faizi toxuculuq və gön-dəri məmulatının, 10 faizi kimyəvi məhsulların payına düşür. Suriya maşın və avadanlığa, nəqliyyat vasitələrinə, qara və əlvan metallara olan tələbatının təqribən 90, qənd, çay, qəhvə, çəltik, ət məhsullarına olan tələbatının 40 faizini idxal hesabına ödəyir. Bunlardan başqa böyük həcmdə meşə materialları, əhali tərəfindən çox işlənən məmulatlar da idxal olunur.

2005-ci ildə xarici ixracatının dəyəri 6,0 mlrd. dollar həcmində olmuşdur. Əsas alıcıları Qərbi Avropa ölkələri, Türkiyə və Livandır. Elə həmin il idxalın həcmi 5,0 mlrd. dollara bərabər olmuşdur. Ukrayna satıcı dövlətlər sırasında liderdir. Ölkənin pul vahidi – Suriya funtudur. Son illərdə Dəməşq, Tartus, Hələb və Laziqiyyədə Azad ticarət zonaları təsis olunmuşdur. Lakin onlar hələlik lazımınca təşəkkül tapmamışlar.

2005-ci ildə ölkənin xarici borcu 30,0 mlrd. dollardan bir qədər artıq olmuşdur. Suriya Asiya ölkələri ilə əlaqələrinə xüsusi fikir verir. Rusiya ölkədə 40-dan artıq obyekti inşa etməklə yanaşı, ölkə ordusunu müasir silahlarla da təchiz edir. Rusiyaya borcu 12 mlrd. dollardır.

  • Soltanova H.B., Məmmədov C.A. Yaxın və Orta Şərq ölkələrinin iqtisadi və sosial coğrafiyası (dərslik). Bakı , Bakı Universiteti, 2008.
  1. Экономическая география стран Ближнего и Среднего Востока, М.П.Победина, В.П.Смирнов, В.В.Цыбульский. Москва, издат. "Просвещение", 1970 г.
  2. Арабские страны. История. Экономика. Издательство "Наука", Главная редакция восточной литературы, под ред. Е.А Лебедева, Москва 1970 г.
  3. Сирия посчитала убытки от международных санкций Arxivləşdirilib 2022-03-04 at the Wayback Machine // LENTA.RU от 24 мая 2012
  4. "Рейтинг стран мира по уровню валового национального дохода на душу населения". 2018-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-16.
  5. Страны мира: Краткий полит.-экон. справочник, Москва издательство "Республика", 1997 г., под общ. ред. И.С.Иванова.
  6. Сирийская Арабская Республика, Институт изучения Израиля и Ближнего Востока, под ред. М.И.Штемпель, Москва, 1997 г.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]