İordaniya iqtisadiyyatı

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

İordaniya orta səviyyəli inkişaf etmiş sənaye-aqrar ölkəsidir. Tarixən əkinçilikheyvandarlıq ölkəsi kimi formalaşan İordaniya iqtisadiyyatında İkinci Dünya müharibəsi illərində bir qədər dirçəliş olmuşdur. Belə ki, ingilis müstəmləkəçiləri burada hərbi şəhər və anbarlar tikir, yollar və neft kəmərləri inşa edir, məhsuldar torpaqlardan maksimum dərəcədə istifadə edirdilər. Bu illərdə sənaye sahələri birtərəfli inkişaf edir, əsasən kustar sənətkarlığa, yeyinti və yüngül (toxuculuq) sənaye sahələrinə fikir verilir, əhalinin 70%-i kənd təsərrüfatında çalışırdı. Müstəqillik əldə olunduqdan sonra hökumət iqtisadiyyatın dirçəldilməsi üçün müəyyən addımlar atmağa başlayır, ilk növbədə xarici mütəxəssislər və kapitalın köməyilə mədən sənayesinin (əsasən fosforit çıxarılması və Ölü dənizdən müxtəlif duzların istehsalı) inkişafına diqqət artırılır. Sonrakı illərdə ərzaq məhsullarının yetişdirilməsinə xüsusi fikir verilir. XX əsrin 80-ci illərindən etibarən isə turizm ölkəyə böyük həcmdə valyuta gətirməyə başlayır. Əvvəllər sənaye müəssisələrinin əksəriyyəti paytaxt rayonunda cəmləşmişdirsə, sonrakı illərdə hökumət yeni-yeni mərkəzlər yaradır. İordaniyada mədən sənayesinin (fosforit və duz çıxarılması)inkişafı güclü kimya sənayesinin yaranmasına (fosfor gübrələri, yuyucu tozlar, müxtəlif növ sabun və s. istehsalı) səbəb olmuşdur. Yeyinti (zeytun yağı çəkilməsi, meyvə konservləri və şirələr, şəkər istehsalı) və idxal nefti əsasında neft emalı sənayesi inkişaf etmişdir. İqlimin quraqlığı və su ehtiyatlarının çatışmazlığı səbəbindən elektrik enerjisi Su Elektrik Stansiyalarında deyil (SES), idxal olunan yanacaqla fəaliyyət göstərən İstilik Elektrik Stansiyalarında (İES) əldə olunur[1].

Kənd təsərrüfatının əsas sahəsi əkinçilikdir. Su ehtiyatlarının çatışmazlığı səbəbindən ölkə ərazisinin yalnız 15%-i becərilir. Becərilən torpaqların 90%-ni dəmyə əkinləri təşkil edir, əkin sahələrinin yalnız 10%-i suvarılır. Qeyd edək ki, quraq keçən illərdə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı xeyli azalır. İordan çayı sahilləri ölkənin əsas əkinçilik rayonudur[1].

İordaniyanın kənd təsərrüfatında tərəvəzçilik mühüm əhəmiyyət kəsb edir. Ərazinin torpaq-iqlim şəraiti tərəvəzin qonşu ölkələrə nəzərən 3–4 həftə tez yetişməsinə imkan verir, bu isə məhsulu qonşu ölkələrin bazarlarına erkən çıxarmağa və baha satmağa səbəb olur[1].

Əkinçilikdə ikinci mühüm əhəmiyyət daşıyan kənd təsərrüfatı bitkisi zeytundur. Onun ən yaxşı növlərindən konserv hazırlanır, zeytun yağı çəkilir. Sənayedə zeytundan sabunbişirmədə istifadə olunur. Həmçinin ölkədə dənli (arpaqarğıdalı) və texniki (şəkər çuğunduru və tütün) bitkilər, meyvə, üzüm əkilir[1].

Heyvandarlıq ekstensiv şəkildə inkişaf etmişdir. Maldarlıqla əsasən köçəri həyat tərzi sürən əhali məşğul olur. Ölkədə dəvə saxlanılmasına xüsusi fikir verilir. Böyük şəhərlərin ətrafında quşçuluq və broyler təsərrüfatları yaradılmışdır[1].

Nəqliyyat şəbəkəsi

[redaktə | mənbəni redaktə et]
İordaniyanın liman şəhəri

İordaniyanın nəqliyyat şəbəkəsi o qədər də inkişaf etməmişdir. Ölkənin əsas nəqliyyat növü avtomobildir. Əmman-Akaba, Əmman-Yerusəlim, Əmman-Dəməşq arasında yüksək səviyyəli avtomobil yolları çəkilmişdir. Suriyanın Dərya şəhərindən İordaniyanın Akaba şəhərinə qədər uzanan dəmir yol xətti daxili yükdaşımanın tələbatlarını tam ödəmir. Dəməşqdən (Suriya) Məkkəyə (Səudiyyə Ərəbistanı) qədər Hicaz dəmir yolunun (İordaniyadan keçməklə) çəkilməsi layihəsi müzakirə olunur. Dəmir yoluna nəzərən hava nəqliyyatı daha yaxşı inkişaf etməklə, Əmman və Akaba şəhərlərində beynəlxalq səviyyəli hava limanı fəaliyyət göstərir. Ölkənin dəniz nəqliyyatı zəif inkişaf etməsi ilə xarakterizə edilir. Yeganə liman Qırmızı dənizdə yerləşən Akabadır[1].

  1. 1 2 3 4 5 6 Soltanova H. B., Məmmədov C. A. "Yaxın və Orta Şərq ölkələrinin iqtisadi və siyasi coğrafiyası" Bakı-2008