Bruney iqtisadiyyatı

Bruney hava limanı

Bruney iqtisadiyyatının əsasını nefttəbii qaz hasilatı və ixracatı (illik gəlirin 95%-i və ölkənin büdcə gəlirinin 3/4-ü) təşkil edir. ÜDM-in həcmi 21,9 mlrd. dollar (alıcılıq qabiliyyəti pariteti üzrə, 2012); adambaşına 55,3 min dollardır (inkişaf etməkdə olan ölkələrin çoxundan xeyli yüksək). ÜDM-in real artımı 1,3 % (2012); insan inkişafı indeksi 0,855-dir (187 dünya ölkəsi arasında 30-cu yer, 2013). Bruney iqtisadiyyatı İran körfəzinin neft hasil edən bir sıra ölkələrinin iqtisadiyyatları ilə oxşar xüsusiyyətlərə malikdir: yüksək dövlət gəlirləri və əhalinin həyat səviyyəsinin göstəriciləri, təsərrüfatın neft və qaz ixracından, emal sənayesi məhsulları, ərzaq və işçi qüvvəsinin idxalından asılılığı. ÜDM-in 28,2 %-i xidmət sferasında, 71,1 %-i sənayetikintidə, 0,8%-i meşə, kənd təsərrüfatıbalıqçılıqda yaradılır.

Hakim sülalənin nəzarətində olan iqtisadiyyatın dövlət sektoru yüksək paya malikdir. Bruneyin iqtisadi siyasəti milli özəl sahibkarlığın stimullaşdırılması, xarici investisiyaların cəlb edilməsi, sənayenin sahəvi strukturunun diversifikasiyası, xidmət sferası infrastrukturunun yaradılması, turizmin inkişafına istiqamətlənmişdir. Bruney beynəlxalq maliyyə mərkəzi (əsası 2000 ildə qoyulmuşdur) ölkədə öz şöbələrini açan xarici bank və fondlar üçün güzəştli şərtlər müəyyən etmişdir. Bruney iqtisadiyyatına birbaşa xarici investisiya qoyuluşunun yekun həcmi 8,5 mlrd. ABŞ dolları (1995–2003) olmuşdur. İnvestisiyanın 75%-i AB-nin, 16%-i ASEAN ölkələrinin və 4%-i Yaponiyanın payına düşür.

Sənaye sürətlə (istehsalın inkişafı 1,9 %, 2012) inkişaf edir. Cənubi Çin dənizi sahilindəki Seria rayonunda ilk neft yatağının işlənilməsinə 1929-cu ildə başlanılmışdır. XXI əsrin əvvəllərində neft hasilatının həcmi gündə 204 min barrel (Cənub-Şərqi Asiyada 4-cü yer, 2003), qaz hasilatı – 10,4 mlrd. m³ olmuşdur (2001); əsasən, dəniz şelfində həyata keçirilir.[1] Neft hasilatının əsas həcmi “Bruney Şell petrolium Ko” (“Brunei Shell Petroleum Co”) şirkətinin, Breuney hökuməti ilə “Royal Datç Şell”-in (“Royal Dutch Shell”) TMK-nın müştərək müəssisəsinin payına düşür. Təbii qazın hasili, daşınması və emalı ilə “Bruney qas karriers” (“Brunei Gas Carriers”) şirkəti, Bruney hökuməti ilə Yaponiyanın “Mitsubisi” (“Mitsubishi”) korporasiyasının müştərək müəssisəsi məşğul olur. Neft və qaz hasilatında həmçinin başqa TMK-larda iştirak edir. Neft emalının mərkəzi Seria, maye qaz istehsalının mərkəzi Lumutdur. Hasil edilmiş xammalın bir hissəsi borular vasitəsilə qonşu Malayziyanın Saravak ştatının neft-qaz emalı zavodlarına ötürülür. Təbii qaz və neft məhsulları enerji sərfinin 100%-ni ödəyir. Elektrik stansiyalarının müəyyən edilmiş gücü 874 MVt (2002), o cümlədən yerli təbii və səmt qazı ilə işləyən İES-lərin gücü 860 MVt; elektrik enerjisinin istehsalı 3,0 mlrd. kVt⋅saat təşkil edir.[2] 

Kənd təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

Ölkənin ərzaq tələbatının 20%-i ödənilir. Becərilən torpaqlar 7 min ha-dan çoxdur (ölkə ərazisinin 1,3%-ində daxili akvatoriya yoxdur), o cümlədən 3 min ha-dan çox şumluq, 4 min ha-dan çox çoxillik əkinlər (plantasiya və bağlar). 2004-cü ildə təmizlənməmiş çəltik yığımı 400 t (tələbatın təqr. 1%-i) olmuşdur. Çəltik əkini üçün suvarılan sahələrin genişləndiril məsinə və ildə iki dəfə məhsul becərilməsinə keçid layihələri həyata keçirilir. Meyvə istehsalı 10–12%, tərəvəz istehsalı 65% yerli tələbatı ödəyir; yığım (2004): tərəvəz və meyvəköklülər 12,4 min t, ananas 1000 t, banan 640 t, portağal 320 t, digər meyvələr (o cümlədən rambutan, durian meyvələri və s.) 3,5 min t, kokos qozu 200 t, təbii kauçuk 215 t; toyuq əti 14 400 t, mal əti (camış əti ilə birgə) 547 t, donuz əti 194 t istehsal edilmişdir (2004) Bruneyin sahilyanı rayonlarının əhalisi ənənəvi olaraq dəniz balıqçılığı ilə məşğul olur, lakin müasir donanma və infrastruktur olmadığından balıq ovu və dəniz məhsullarının hasilatı yüksək deyildir. Ölkənin içərilərində dincə qoyulmuş əkin sahələri qalmaqdadır, daxili bazar üçün oduncaq tədarükü aparılır. 

Bruney // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 591–592. ISBN 978-9952-441-03-1.

  1. International Monetary Fund (2014)."BRUNEI DARUSSALAM" Arxivləşdirilib 2022-05-14 at the Wayback Machine
  2. "Brunei's Economy to Diversify" Arxivləşdirilib 2022-03-08 at the Wayback Machine- InvestAsian.