Suriya coğrafiyası

Suriya coğrafiyasıSuriya Ərəb Respublikası coğrafiyası.

Sahəsi və sərhədləri

[redaktə | mənbəni redaktə et]

Yaxın Şərq ölkələrindən biri olan Suriya Asiya qitəsinin qərbində yerləşir. Beş ölkə – Türkiyə, İraq, İordaniya, Livanİsraillə həmsərhəddir. Şimal-şərqdə 183 km məsafədə Aralıq dənizinə çıxışı var. Sahəsi 185,2 min kv. km-dir. 1967-ci ildə baş vermiş İsrail-Ərəb müharibəsi nəticəsində Suriya torpaqlarının Culan təpəlikləri adlanan kiçik bir hissəsi (təqribən 1,0 min km²) İsrail tərəfindən zəbt olunub. Sahəsinə görə dünya ölkələri içərisində 86-cı yeri tutur.

Ölkənin coğrafi və hərbi-strateji mövqeyi çox əlverişlidir. Qərbi Asiyanı Afrika və Aralıq dənizi ölkələri ilə birləşdirən mühüm hava, avtomobil yollarının bəziləri Suriya ərazisindən keçir. Digər tərəfdən Aralıq dənizinə birbaşa çıxışı olmayan İraq və Ürdün Suriya torpaqlarından keçməklə Avropa və Şimali Afrika ölkələri ilə əlaqə saxlayır.

Suriyanın relyefi

[redaktə | mənbəni redaktə et]

Suriyanın ərazisi iki: dağlıq qərb və düzənlik şərq hissəyə ayrılır. Ərazinin çox hissəsi şimal-qərbdən cənub-şərqə Mesopotamiya ovalığı ilə İran körfəzinə tərəf meylli olan, hündürlüyü 700–200 metr arasında dəyişən yüksəklikdir. Qərb hissə sahilboyu düzənliklərdən, dağ sistemlərindən və tektonik mənşəli dərələrdən ibarətdir.

Ölkənin qərbində yerləşmiş düzənlik təqribən 200 km məsafədə ensiz (10– 30 km) zolaq şəklində Aralıq dənizi sahili boyunca uzanır. Şərqə getdikcə düzənlik tədricən dağlıq bölgəyə birləşir.

Suriya sözünə ilk dəfə klassik antik ədəbiyyatında Esxil və Herodotun əsərlərində rast gəlinir və belə güman edilir ki, bu yunan mənşəli söz olub, Assuriya sözünün təhrif olunmuş şəklidir.[1] Ərəb tarixçiləri və səyyahları Suriya ərazisini həmişə əş-Şam adlandırmışlar. Ulu şairimiz Nizami Gəncəvinin "Sirlər xəzinəsi" əsərindəki "Kərpickəsən kişinin bir cavanla hekayəti" şerində Şam (ölkə paytaxtı Dəməşqin əvvəlki adı) şəhərində baş vermiş hadisələrdən danışılır.

Suriyalıların Bəhr adlandırdıqları Aralıq dənizi sahilboyu düzənliyi, eləcə də bütün ölkənin təbii incisidir. Aralıq dənizinin bu hissəsində su təmiz, şəffaf və istidir. Yanvar-mart ayları istisna olmaqla burada ilboyu çimmək olar. Çimərliklər bəzi yerlərdə çınqıl adlanan xırda daşlarla, bəzi yerlərdə açıq sarı qumlarla örtülüdür.

Laziqiyyə (Latagiya) limanı istisna olmaqla Suriyada əlverişli təbii liman yoxdur. Vaxtilə sovet mütəxəssislərinin köməyilə Laziqiyyədə müasir dəniz limanı salınmışdır.[2] Sahildə yerləşmiş kiçik buxtalardan ancaq yerli əhəmiyyətli gəmiçilikdə istifadə olunur.

Ölkənin LivanTürkiyə ilə sərhədləri dağlıq bölgələrdən keçir. Suriyanın ən hündür yeri Livan sərhədindəki Əş-Şeyx dağlarındadır (2814 m). Ölkənin cənub-şərqini Suriya səhrası tutur. Bu səhra İordaniya, İraqSəudiyyə Ərəbistanı ərazilərinə də daxil olur. Əslində bu səhra quru çay dərələri ilə kəsilmiş yayladır. Yaylanın şimal hissəsində Tədmür Avropa ədəbiyyatında (Palmira) vahəsi yerləşir.

Ölkənin şimal-şərqində DəcləFərat çayları arasında Cəzirə yaylası yerləşir. Cəzirə yaylasının şimal hissəsi təsərrüfat baxımından inkişaf etmiş bir ərazi kimi tanınır. Əbd-əl-Əziz dağları bu yaylanı şimal və cənub hissələrə bölür.

Uzunluğu 200, eni 15–30 km olan Aralıq dənizi sahilindəki düzənlikdən şərqə qırışıq dağlar uzanır. Əl-Ğab adlanan tektonik mənşəli dərə bu dağları bir-birindən ayırır. Eni 15–20 km olan Əl-Ğab dərəsi ilə Əl-Asi (Avropa ədəbiyyatında Oront) çayı axır. Əl-Ğabdan cənubda yerləşən dağlar Ənsariyyə adlanır. Bu dağların ətəklərindən Hələb-Laziqiyyə və Həmat-Baniyas istiqamətində müasir tələbatlara cavab verən şosseyolu çəkilmişdir.

Təbii ehtiyatları

[redaktə | mənbəni redaktə et]

Son vaxtlar aparılan geoloji kəşfiyyat işləri nəticəsində ölkədə əhəmiyyətli faydalı qazıntı sərvətləri aşkar edilmişdir. Sənaye əhəmiyyətli ehtiyatı təqribən 300 mln. t. olan neft əsas etibarilə ölkənin şimal-şərqində (Suadiyyə, Rumelan, Qaraçuk, Deyrik, Xirvə yataqları) yerləşmişdir. Tərkibində kükürdün faizi çox olan Suriya neftinin nəql olunması və emalı bir qədər çətindir. Tədmür vahəsi ətrafında fosforit çıxarılır. Laziqiyyə və Hələb şəhərləri ətrafında aşkar edilmiş mərmər, təbii asfalt, şüşə istehsalında istifadə olunan kvars qumları, daşduz yataqlarının iqtisadi əhəmiyyəti böyükdür.[3]

Ölkədə aşkar edilmiş dəmir filizinin tərkibində dəmirin faizi aşağı (30–32) olduğundan ondan geniş istifadə olunmur.

İqlimi və hidroqrafiyası

[redaktə | mənbəni redaktə et]

Suriyada Aralıq dənizi tipli subtropik iqlim hakimdir. Ölkənin qərb bölgəsində yumşaq dəniz iqlimi mövcud olduğu halda daxili bölgələrdə və şərqdə kontinentallıq artır. Suriyanın Aralıq dənizi bölgəsinin ürəkaçan təbiəti, xüsusilə səfalı iqlimi ölkənin digər yerlərinin təbiəti və iqlimi ilə təzad təşkil edir. Aralıq dənizi sahilində ən isti ay olan iyunun orta temperaturu müsbət 25–26 °C, Suriya səhrasında isə 45–50 °C dərəcədir. Dəniz sahili bölgəyə 800–900, ölkənin qərbində yerləşmiş Ənsariyyə dağlarının yamaclarına 1500, səhra və yarımsəhralara isə 50–80 mm yağıntı düşür.

Ölkənin ən böyük çayı Fəratdır. Suriya ərazisində bu çay Bəlix, Xabur, Deyr əz-Zövr qollarını qəbul edir. Ümumi uzunluğu 2300 km olan Fərat 675 km məsafədə Suriya ərazisindən axaraq İraqa daxil olur. Fəratda səviyyənin tənzimlənməsi, ucuz elektrik enerjisi əldə olunması və suvarma problemini qismən həll etmək üçün tərkibində azərbaycanlı mütəxəssislərin də olduğu sabiq SSRİ-nin iqtisadi və texniki köməkliyilə hidroenerji kompleksi tikilib istifadəyə verilmişdir. Fərat kimi Türkiyədən başlayan Dəclə cəmi 50 km məsafədə Suriya ərazisindən axır. Dəclə istisna olmaqla Suriya çaylarının su ehtiyatı 50 mlrd. kub metrdir, bunun 25 mlrd. kub metri Fəratın payına düşür.

Fərat çayı dərəsi qədim xalqların və sivilizasiyaların beşiklərindən biri hesab olunur. İran körfəzinə tökülənə qədər Fərat Dəclə ilə birləşir. İki çayarası və ya Mesopotamiya adlanan hövzədə hələ 5 min əvvəl şumerlərin mədəniyyəti yüksək inkişaf səviyyəsinə çata bilmişdir. Suriya ərazisində Fərat çayının dərinliyi 4–7 metr arasında tərəddüd edir. Fərat çoxlilli çaydır. Hesablanmışdır ki, o, ildə təqribən 15 mln. ton lil axıdır. Bu lilin əksəriyyəti onun dərəsinə və deltasına çökür. Belə lilli torpaqlarda isə pambıq, şəkər qamışı, çəltik və meyvə-tərəvəz yetişdirmək çox əlverişlidir.

Suriyanın çaylarından biri də Asi çaydır (Oront).[4]

Torpaq, bitki örtüyü

[redaktə | mənbəni redaktə et]

Suriyanın fauna və flora aləmi o qədər də zəngin deyil. Aralıq dənizi sahili bölgəsində vahələrin və çay dərələrinin məhsuldar torpaqlarında istiliksevən Aralıq dənizi bitkiləri bitir. Hümsdən məhrum olmuş səhra torpaqlarında isə ancaq istiyə və quraqlığa davamlı alçaqboylu ağaclara və kolluqlara rast gəlmək olar. Dağların ətəyində tala şəklində meşələr də qalmışdır.

Suriya hökuməti təbiətinə biganə qalan dövlət deyil. Ölkədə ekoloji tarazlığı qorumaq üçün milli parklar, qoruqlar və yasaqlıqlar salınmışdır, amma bu işlər lazımlı səviyyədə inkişaf edə bilməmişdir.

Suriya təbiəti

[redaktə | mənbəni redaktə et]

Suriya təbiəti üçün səciyyəvi olan hallardan biri də vahələrin, yəni suvarılan əkinçilik sahələrinin olmasıdır. Ürəksıxıcı təbiəti olan səhralar içərisində adda-budda görünən yaşıl vahələr sözün tam mənasında cənnəti xatırladır. Belə vahələr içərisində Dəməşq Qutəsi çox məşhurdur. Ümumiyyətlə, Suriya dağlarının ətəklərində yerləşmiş bütün vahələr Qutə (الغوطة) adlanır. Dəməşq Qutəsinin sahəsi 300 kv. km-ə bərabərdir. Qədim zamanlardan bizim günlərə qədər Dəməşqin hər hansı bir tərifi ilk növbədə Qutənin təsviri ilə başlayır.

Ərəb müəllifləri onu "Şərqin incisi", "Allah vergisi" və s. gözəl adlarla adlandırırlar. Müsəlman rəvayətlərinin birində deyildiyi kimi, gəncliyində Məkkədən Dəməşqə karvan aparıb gətirən Məhəmməd peyğəmbər (S) bir dəfə gül-çiçəyə bürünmüş Dəməşq Qutəsini gördükdən sonra oraya daxil olmaq istəməyib. Ondan yolunu nə üçün başqa yerdən saldığını soruşduqda cavab verir ki, mən cənnət barədə fikirlərimin alt-üst olmasına razı ola bilmərəm. Dəməşq Qutəsində badam, qoz, alma, əncir, ərik, sitrus meyvələri və s. yetişdirilir. Suriyanın ikinci məşhur Qutəsi Tədmürdür. Bu vadi Suriya səhrasının şimalında Əl-Asi və Fərat çayları arasında yerləşmişdir. Burada əsasən xurma və zeytun yetişdirməklə məşğul olurlar.

  1. В.П.Максаковский – Историческая география мира. –М., Екопрос,1999.
  2. Kaya, Ibrahim, "The Euphrates–Tigris basin: An overview and opportunities for cooperation under international law", Arid Lands Newsletter, 44, 1998, ISSN 1092-5481, 2011-06-06 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2015-11-07
  3. Экономическая география стран Ближнего и Среднего Востока."Просвещение" Москва,1969.
  4. Research Divi Federal Research Division, Federal Research Division. Land, Water and Climate // Syria a Country Study. Kessinger Publishing. 2004. 74. ISBN 9781419150227. 2019-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]