Joze Saramaqo (port. José de Sousa Saramago [ʒuˈzɛ ðɨ ˈsozɐ sɐɾɐˈmaɣu]; 16 noyabr 1922[2][3][…], Azinyaqa[d][1] – 18 iyun 2010[4][2][…], Lansarote, Kanar adaları[1]) — Portuqaliya yazıçısı, şairi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1998).
Joze Saramaqo | |
---|---|
port. José Saramago[1] | |
Doğum adı | José de Sousa Saramago[1] |
Doğum tarixi | 16 noyabr 1922[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 18 iyun 2010[4][2][…] (87 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | leykoz[5] |
Fəaliyyəti | jurnalist, dramaturq, tərcüməçi, roman yazıçısı, şair, salnaməçi, esseist, gündəlik yazıçısı[d], ədəbiyyat tənqidçisi, yazıçı, ssenarist, dramaturq, inqilabçı |
Əsərlərinin dili | portuqal dili |
Janrlar | roman |
Tanınmış əsərləri | |
Mükafatları | |
josesaramago.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Portuqaliya yazıçısı Joze Saramaqo Lissabon yaxınlığındakı kəndlərin birində, torpaqsız kəndli ailəsində doğulmuşdu. Onun iki yaşı olanda Saramaqo ailəsi daha yaxşı qismət ardınca paytaxta köçmüşdü. Əslində, ailənin əsl soyadı Sousa idi, lakin kənddə onları Saramaqo kimi tanıyırdılar. Atası doğum şəhadətnaməsi alanda dərman bitkisi (yabanı turp) anlamında olan bu sözü oğluna soyad kimi yazdırmışdı.
Valideynlərinin imkansızlığı ucbatından Joze Saramaqo normal təhsil ala bilməmişdi. Sadəcə texniki peşə məktəbini bitirmişdi. Bir neçə il avtomobil təmiri emalatxanalarında mexanik işləmişdi. Daha sonra jurnalist və tərcüməçi kimi həyatda yerini tapmağa çalışmışdı. 1947-ci ildə ədəbi debütü kimi "Günah torpağı" adlı ilk romanı çap etdirsə də, əsər soyuq qarşılanmışdı. Bu acı həqiqətdən nəticə çıxaran Saramaqo hələ həmvətənlərinə deməyə bir sözünün olmadığını başa düşmüşdü. Ona görə də yeni əsərlərinin çapına tələsməmişdi. Yazıçının susması düz 19 il davam etmişdi. Yalnız 1966-cı ildə Joze Saramaqo "Mümkün şeirlər" kitabı ilə yenidən böyük ədəbiyyata qayıtmışdı.
Bu baxımdan bir sıra həmkarları ilə müqayisədə Saramaqonun ədəbi istedadı gec parlamışdı. O, yalnız 60 yaşın astanasında adını məşhurlaşdıran əsərini — "Torpaqdan qalxanlar" (1980) ailə saqasını çap etdirə bilmişdi. Ölkəyə onilliklər boyu sağ təmayüllü rejimin – Salazar diktaturasının hakim kəsildiyi dövrdə Portuqaliya kəndlilərinin cəmiyyətin şüurlu vətəndaşlarına çevrilməsi prosesini əks etdirən bu roman Saramaqonun yalnız bədii deyil, həm də siyasi yetkinliyinin təzahürü idi. 1969-cu ildə o, həyatının mühüm seçimini edərək gizli fəaliyyət göstərən Portuqaliya Kommunist partiyasının üzvü olmuşdu.
Marksist inancları və təsiri yazıçının bir sıra əsərlərində, xüsusən də "Torpaqdan qalxanlar" və "Məbəd haqqında xatirələr" (1985) romanlarında daha bariz şəkildə əks olunmuşdu. Həcminin böyüklüyünə baxmayaraq hər iki romanın keçmiş SSRİ-də rus dilində nəşr edilməsi də bunun göstəricisi idi, lakin Saramaqo çoxcəhətli istedada malik sənətkar olduğundan marksist-leninçi ideya çənbəri ona fikirlərini sərbəst ifadə etməyə, bədii ideyalarını sona qədər gerçəkləşdirməyə mane ola bilməmişdi.
Bir sıra tədqiqatçılar Joze Saramaqonun yaradıcılıq üslubunu sehrli realizm adlandırır və onun əsərlərini Markes, Borxes, Kortasar kimi Latın Amerikası yazıçılarının bədii üslubu ilə müqayisə edirlər. Əslində, istənilən yazıçıya şərəf gətirən belə müqayisə portuqal müəllifini heç vaxt razı salmamışdır. O, öz yazı tərzini və üslubunu müəyyənləşdirərkən daha çox dünya ədəbiyyatının Servantes və Qoqol kimi klassiklərinin əsərlərindən öyrəndiyini bildirmişdir. Saramaqo özünün demək olar ki, bütün əsərlərində humanizm prinsiplərinə sədaqətini nümayiş etdirir, lakin bunu ənənəvi yolla deyil, nağılların, miflərin, müxtəlif uydurma, xəyali və fantasmaqorik ünsürlərin köməyi ilə reallaşdırır.
Federiko Fellininin müasir dövrün ən maraqlı kitablarından biri adlandırdığı və ekranlaşdırmaq istədiyi "Məbəd haqqında xatirələr" romanı dinə qarşı çevrilmiş motivləri ilə Vatikanı da kifayət qədər hiddətləndirmişdi, lakin ateizm mövqelərində dayandığını həmişə açıq bildirən Saramaqo bundan çəkinməmiş, hətta daha irəli gedərək katolik klerikallarına ciddi zərbə endirən "İususun İncili" (1991) romanını çap etdirmişdi. Müəllif bu romanda İsanı ənənəvi xristian peyğəmbərindən daha çox Yer üzündə ədalətsizliyə son qoyan radikal inqilabçı kimi canlandırmışdı. Kilsə "tarixi həqiqəti ələ salan və Əhdi-Cədidin əsas personajlarının xarakterlərini təhrif edən bu mürtəd" kitabın əleyhinə çıxsa da, Saramaqonun romanı 25 dilə çevrilmiş, təkcə Portuqaliyada iyirmi dəfədən çox çap olunmuşdu.
"Daş bərə" (1986) adlı antiutopiyasında portuqal yazıçısı İberiya yarımadasının materikdən ayrılaraq Atlantik okeanında sərbəst səyahətə çıxmasını və bu yeni torpaqda baş qaldıran problemləri təsvir etmişdir.
1998-ci ildə Joze Saramaqo "təxəyyülün, iztirab və ironiyanın daha da qüvvətləndirdiyi pritçalardan istifadə etməklə gözlə görünən reallığı aydın başa düşməyə imkan verən əsərlərinə görə" Nobel mükafatına layiq görülmüşdü.
Son illərdə yazıçı "Mağara" (2000) romanını bitirərək "Korluq" (1995) və "Bütün adlar" (1997) əsərləri ilə başladığı trilogiyanı tamamlamışdır. 2005-ci ildə "Ölüm fasiləsi" (2005) pritça-romanını çap etdirmişdr. Bu alleqorik roman süjet xəttinin gözlənilməzliyi ilə Saramaqonun bədii təxəyyül imkanlarının nə qədər geniş olduğunu bir daha göstərmişdir.
Joze Saramaqo yalnız marksist və ateist deyildir. O, həm də sionizmə qarşı barışmaz və qətiyyətli mövqeyi ilə tanınır. 2000-ci ildə İsraildə və işğal altındakı torpaqlarda ərəb əhalinin vəziyyəti ilə tanış olduqdan sonra Portuqaliya yazıçısı yəhudilərin Fələstin ərəbləri üçün yaratdıqları dözülməz şəraiti İkinci Dünya müharibəsi illərində faşistlərin Osvensim həbs düşərgəsinin məhbuslarını saxladıqları dəhşətli şəraitlə müqayisə etmişdi. İsrail xarici işlər nazirliyi yazıçının bu sözlərinə kəskin bəyanatla cavab vermişdi. Geri çəkilməyən və fikirlərinin həqiqət olduğunu bir daha vurğulayan Saramaqonun əsərləri bundan sonra İsraildə rəsmən qadağan edilmişdi.
Joze Saramaqo 2010-cu il iyun ayının 18-də Kanar adalarının Tias bələdiyyəsində vəfat etmişdir.