Zemfira Feyzulla qızı Əbdülsəmədova (15 mart 1961, Bakı) — Azərbaycanın teatr və kino aktrisası, Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasında aktyor və rejissor sənəti müəllimi. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası.
Zemfira Əbdülsəmədova | |
---|---|
Doğum tarixi | 15 mart 1961 (63 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı | |
Fəaliyyəti | aktrisa, pedaqoq |
Fəaliyyət illəri | 1982-ci ildən |
Təhsili | |
Üzvlüyü | |
IMDb | ID8703254 |
Zemfira Əbdülsəmədova 15 mart 1961-ci ildə Bakı şəhərində anadan olub.[1] Bakı şəhəri 70 və 250 nömrəli orta məktəblərdə təhsil almışdır.[2] 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "teatr və kino aktyorluğu" fakültəsini bitirib. 1982-ci ildə Şəki Dövlət Dram Teatrının truppasına daxil olur. Teatrda ilk rolu rejissor Hüseynağa Atakişiyevin qurluşunda olan Vilyam Şekspirin "Romeo və Cülyetta" əsərində Cülyetta obrazı olub. "Romeo və Cülyetta" tamaşası Rusiyanın Moskva və Tatarıstanın Kazan şəhərlərində Şekspir festivalında böyük uğurla nümayiş etdirilmişdir.[3][4]
1985-ci ildə Z. Əbdülsəmədova Şıxəli Qurbanov adına Musiqili Komediya Teatrında işə dəvət olunur. Burada ilk rolu Vaqif İbrahimoğlunun quruluşunda Fikrət Əmirovun "Gözünüz aydın" musiqili komediyasında tibb kapitanı "Gülər" obrazı olmuşdur. Daha sonra teatrda Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Səyavuş Aslan kimi sənətkarlarla tamaşalarda oynayır. 1989-cu ildə Hüseynağa Atakişiyevin dəvəti ilə Gənclər Teatrında işə dəvət olunur və 2006-cı ilə kimi bu teatrda bir-birindən maraqlı obrazlar yaradır.[1][4] Həyat yoldaşı aktyor Ədalət Əbdülsəməd ilə də Gənclər Teatrında işləyərkən tanış olub ailə qurur.[5]
Zemfira Əbdülsəmədova 2015-ci il fevral ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Teatrla yanaşı pedaqoji fəaliyyətlə məşğul olan aktrisa Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasında aktyor və rejissor sənətindən dərs deyir.[6][4]
24 iyul 2023-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvlüyünə qəbul edilmişdir.[7]
Z. Əbdülsəmədova aktyor Ədalət Əbdülsəməd ilə evlidir, 2 uşaqları var.
10 may 2019-cu ildə[8], 7 may 2020-ci ildə[9], 7 may 2021-ci ildə[10] və 6 may 2023-cü ildə[11] Prezident Mükafatına layiq görülmüşdür.[6]
2022-ci ildə "4.4 Qısa Tamaşalar Festivalı"nda "İnanıram" tamaşasında ifa etdiyi Ana obrazındakı ifasına görə festivalın "Ən yaxşı aktrisa" nominasiyası üzrə mükafatlandırılıb.