Viktor Xain
Viktor Yefimoviç Xain (13 (26) fevral 1914, Bakı – 24 dekabr 2009, Moskva) — geologiya-mineralogiya elmləri doktoru, professor, geotektonika və regional geologiya sahəsi üzrə mütəxəssis, Rusiya Elmlər Akademiyasının akademiki, AMEA-nın Fəxri xarici üzvü, Paris Universitetinin fəxri doktoru, Bolqarıstan və Fransa geologiya cəmiyyətlərinin fəxri üzvüdür.
Viktor Yefimoviç Xain 1914-cü il fevralın 13(26)-də Bakı şəhərində anadan olmuşdur. 1935-ci ildə Azərbaycan Neft İnstitutunun (indiki ADNSU) mədən fakültəsinin geoloji-kəşfiyyat şöbəsini bitirmişdir. 1940-cı ildə "Yuranın və təbaşirin fasiyaları və mezozoyda Cənub-Şərqi Qafqazın geotektonik inkişaf tarixi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Böyük Vətən müharibəsi illərində (1941-1945) havadan müdafiə hərbi hissələrində qulluq etmişdir. 1945-ci ildən Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) böyük elmi işçi, "Regional geologiya" şöbəsinin rəhbəri vəzifələrində işləmiş və eyni zamanda Azərbaycan Sənaye İnstitutunda müəllimlik etmişdir. 1947-ci ildə "Cənub-Şərqi Qafqazın geotektonik inkişafı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1954-cü ildən Moskva Dövlət Universitetində işləyir. 1 iyul 1966-cı ildən Yer haqqında (geologiya, geofizika) elmlər Bölməsi üzrə müxbir üzvü, 23 dekabr 1987-ci ildən geologiya, geofizika, geokimya və mədən elmləri (qlobal seysmologiya, tektonika) Bölməsi üzrə akademikdir.
Viktor Yefimoviç Xain 2004-cü ildə AMEA-nın Fəxri xarici üzvü seçilmişdir.