Dünyəvi zövqlər bağı
Dünyəvi zövqlər bağı (ing. The Garden of Earthly Delights; isp. El jardín de las delicias) — erkən Niderland rəssamı İeronim Bosxun triptix rəsm əsərinə verilmiş müasir ad. Əsər 1939-cu ildən Madriddəki Prado muzeyində saxlanılır. Triptixin Bosx tərəfindən 40 və ya 50 yaşlarında 1490 və ya 1510-cu illərdə işlənildiyi güman edilir. Bu əsərdə rəssam bütün yaradıcılıq qabiliyyətini büruzə vermiş, başqa heç bir tamamlanmış əsərində təsvir etdiyi mövzunu bu əsərdə olduğu qədər qarışıq, ifadəli və canlı təsvir edə bilməmişdir. Triptix bir mərkəzi, bir sağ və bir sol qapaqlardan təşkil olunmaqla, palıd ağacından hazırlanmış lövhələr üzərində yağlı boya ilə işlənmişdir. Kənar qapaqlar örtüldüyü zaman bu lövhələrin arxasında Yer kürəsinin Bibliya kitablarında verilmiş təsviri görünür. Triptixin daxili səhnələri ehtimal ki, (bu dəqiq deyil) soldan sağa planlaşdırılmışdır. Sol lövhədə Tanrının Həvvanı Adəmlə tanış etməsi, mərkəzi lövhədə çılpaq fiqurlar və cinsəllik təsvirləri, fantastik canlılar, böyük meyvələr və hibrid daş qurğular göstərilmişdir.