Çeyildağ palçıq vulkanı
Çeyildağ palçıq vulkanı — Ceyrankeçməz depressiyasının qərbində, Çeyildağ qəsəbəsindən 1 kilometr şimal-qərbdə eyniadlı dağın qərb hissəsində yerləşən palçıq vulkanı.
Palçıq vulkanı enlik istiqamətində uzanıb, mütləq yüksəkliyi 286 metrə çatır. Vulkanın kraterinin diametri 250–300 metr olub, şimaldan nisbi yüksəkliyi 2–3 metr olan qədim valla əhatə olunur. Vulkanın yamaclarını radial istiqamətdə uzanan və kraterdən ətraflara doğru genişlənən çoxlu miqdarda yarğan kəsib parçalayır. Bu yarğanların bir qrupu Küdrüdərənin sağ qolunu təşkil edib, vulkanın şimal, şimal–qərb yamaclarını parçalayır. Onun cənub yamacını parçalayan yarğanlar isə Çeyil yarğanının sol qolunu təşkil edir. Palçıq vulkanı tektonik cəhətdən eyni adlı antiklinalın tağ hissəsində uyğun gəlir. Vulkan relyefdə geniş yastan yaradıb, Çeyildağ (252 metr) yüksəkliyindən bir qədər şərqdə başlayıb qərbdə Zəhərdağa (677 metr) kimi davam edir. Geoloji ədəbiyyatda palçıq vulkanının ən böyük püskürmələrindən biri 1870-ci ildə baş verdiyi qeyd olunur.
Çeyildağ palçıq vulkanın müasir relyefi arid-denudasiya və eroziya-denudasiya proseslərinin nəzarəti altında formalaşır.