Üryanizadə Əhməd Əsad Əfəndi
Üryanizadə Əhməd Əsad Əfəndi (1813, İstanbul – 17 yanvar 1899, İstanbul) — Osmanlı şeyxülislamı və alimi.
== Həyatı ==
1813-cü ildə İstanbulda dünyaya gəldi. XVII əsrin məşhur alimlərindən Üryani Osman Əfəndinin şəcərəsinə mənsub olub, atası II Mahmud dövrünün qazılarından Mehmed Səid Əfəndidir. Bu səbəblə bəzi mənbələrdə Üryanizadə olaraq anılır. Xoca Abdullah Əfəndi, Əbdülqadir bəy və Xoca İsmayıl Əfəndidən dərslər alaraq 1830-cu ildə fətvaxanada katib olaraq xidmətə başladı. Atasının qazı olaraq Serez, Hələb, Kastamonu, Manastır və Şamdakı xidmət illəri boyunca onunla birlikdə gəzən Əsad Əfəndi atasının 1848-ci ildə Şamda vəfat etməsinin ardından İstanbula döndü. 1853-cü ildə Əyyubsultan, bir il sonra Üsküdar, 1855-ci ildə yenidən Əyyubsultan, 1856-cı ildə Ədirnə, 1858-ci ildə Mədinə və 1866-cı ildə İstanbul qazılığına təyin olundu. Bütün bu vəzifələriylə yanaşı bir çox dövlət məmuriyyətlərinə təyin edildi.1876-cı ildə bütün bu vəzifələrindən istehfa verərək sakit bir həyat yaşamaq istəsə də, çox keçmədən Əyanlar məclisinə üzv seçildi. Ardından 4 dekabr 1878-ci ildə şeyxülislam təyin edildi və 17 yanvar 1889-cu ildəki vəfatına qədər bu vəzifədə qaldı. Cənazəsi Əyyubsultan səmtində Əbusuud Əfəndi təkkəsinin həyətinə dəfn edildi.