Minboğalar əfsanəsi
"Minboğalar əfsanəsi" romanı-Yaşar Kamalın əsəri
"Minboğalar əfsanəsi" romanı (1971) bu günə qədər təxminən yüzə yaxın kitabı işıq üzü görən, qırxdan artıq xarici dilə tərcümə edilən müasir Türikyə nəsrinin canlı klassiki, həyata səksən beş yaşın müdriklik zirvəsindən boylanan Yaşar Kamalın ən güclü əsərlərindən biridir (1). Öz bədii-fəlsəfi konsepsiyasına, ideya-məzmun xüsusiyyətlərinə, folklorik dili və dastanvari təhkiyə üslubuna görə bu roman türk və dünya ədəbiyyatının ən yaxşı nümunələri ilə bir səviyyədə durmağa layiqdir. Yaşar Kamal sözün möcüzəsi ilə "Minboğalar əfsanəsi" romanında türkmən əşirətləri yörüklərin məskən saldığı Çuxurovanı çevrələyən dilsiz-ağızsız Minboğa (Toros) dağlarını qəzəbləndirir, kükrədir, yeridir. O, ağır zindan üzərində döyülərək alov rəngli dəmirdən gümüşü silaha dönən və üstündəki naxışlarında minillik tarixi yaddaşı hifz edən qılıncı ağıllı, düşünən, düşmənə, üzüdönüklərə, kökünə arxa çevirənlərə nifrətini gizləyə bilməyən, xalqa məhəbbət və mərhəmətini sahibinin gah dərin sükutu, gah da müdrik ağsaqqal ozan dili ilə ifadə edən insan kimi danışdırır. O, bütün əsərlərində olduğu kimi, bu romanda da öz mahir istedadını, dastanvari dil və söz dünyasını, vətən və millət sevgisi ilə döyünən ürəyini, əngin folklor biliyini, hadisələrin mahiyyətinə varma və gizlinlərini dərk etmə bacarığını ortaya qoyur.
Minillik əfsanəni uzaq və yaxın tarixin həqiqətləri ilə iç-içə keçirən, bədii təfəkkür ilə həyati reallıqların üzvi şəkildə sintezini yaradan sənətkar əfsanə altında yatan gizli-aşkar məqamları, çalarları və ümumiyyətlə, köçərilikdən oturaq həyata keçid zamanı türk tayfa və əşirətlərinin yaşadıqları qanlı, ağrılı-acılı, məhrumiyyətlər və göz yaşları ilə dolu yollarını bütün incəliklərinə qədər izləyib, bir tarixçi-sosioloq kimi öyrənib, təhlil edib, hadisələrin kökü, səbəbi və sonrakı ağır nəticələri barədə bir yazıçı və psixoloq kimi oxucularında təsəvvür yaratmağa çalışıb. Yazıçı qarşına qoyduğu, bədii həllini verməyə çalışdığı və böyük uğurla nail olduğu "məskunlaşma", əşirət və tayfalıqdan xalqa, oradan da millətə çevrilmə problemini bir türk əşirətinin adi sosial-məişət problemi kimi yox, ümumtürk və ümumbəşəri miqyasda, qlobal xarakter daşıyan bir məsələ kimi təqdim edir. Burada söhbət sadəcə kiminsə kiməsə qarşı törətdiyi cinayətdən, yaylaqları, qışlaqları əllərindən alınmaqla yüz illərdir alışdıqları sosial-iqtisadi və ictimai-siyasi həyat tərzini dəyişdirməyə məcbur edilən yörüklərin acı dramından, faciəsindən getmir. Romanda bədii təhlil obyektinə çevrilən daha böyük problemlərdir – feodal ictimai-iqtisadi formasiyasından, dərəbəylikdən kapitalizmə keçidin sancılarıdır, əsrimizin ən mühüm bəşəri, etnik, etno-kulturoloji, separatçı cinayətləridir. Əsərdə söhbət bu hadisələrin dəhşətli, geridönülməz nəticələrindən, öz doğma torpaqlarından didərgin salınanların ağrılı və təsəvvürə sığmaz məşəqqətlərindən, dünyanın mədəniyyətlər beşiyi sayılan torpaqları "yersiz gəldi yerli qaç" təfəkkürü ilə sahiplənmək uğrunda mübarizədən gedir.