AMEA Şərqşünaslıq İnstitutu
Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Direktor: Filologiya elmləri doktoru, Gövhər Baxşəli qızı Baxşəliyeva.
== Tarixi ==
AMEA-nın Şərqşünaslıq İnstitutu [1958]-ci ildə Az.SSR Nazirlər Sovetinin qərarı ilə EA-nın digər institutlarında fəaliyyət göstərən müvafiq şöbə və qrupların əsasında yaranmışdır.
Şərqşünaslıq İnstitutunun mövcud olduğu illər ərzində Yaxın və Orta Şərq ölkələrinin tarixi, bu region xalqlarının ictimai-mədəni inkişafı və Azərbaycanla çoxəsrlik mədəni-tarixi əlaqələri institut əməkdaşları tərəfindən tədqiq edilmişdir. İndiyədək institut əməkdaşlarının 400-dən artıq elmi kitabı və bir neçə min elmi məqaləsi çap edilmişdir.
İnstitutun ilk direktoru, görkəmli mənbəşünas və mətnşünas alim, akademik Ə.Ə.Əlizadə (1958-1963) olmuşdur. Sonralar instituta akademik Ə.S.Sumbatzadə (1963-1970), akademik H.M.Araslı (1970-1981), akademik Z.M.Bünyadov (1981-1986, 1988-1991, 1992-1997), professor A.N.İmanquliyeva (1991-1992) kimi görkəmli alimlər başçılıq etmişlər. Hal-hazırda institutun direktoru professor, müxbir üzv G.B.Baxşəliyevadır.
== Fəaliyyət istiqamətləri ==
Şərq ölkələrinin ictimai-siyasi, iqtisadi və mədəni inkişafı;
Şərq ölkələri ilə Azərbaycanın münasibətləri, Azərbaycanın və Azərbaycana aid orta əsrlər dövrü yazılı Şərq abidələrinin tədqiqi, islamın tarixi, müasir dövrdə dinin vəziyyəti, Azərbaycan-ərəb, Azərbaycan-fars, Azərbaycan-türk filoloji əlaqələri.
== Elmi nəticələr ==
Son beş ildə İnstitut əməkdaşlarının 50-dən çox elmi kitabı və 400-ə yaxın elmi məqaləsi çapdan çıxmışdır.