Çöl pişikdırnağı
Aralıq dənizinin şərq hissəsi və İranda yayılmışdır. Dağıtım sahəsinə Türkiyə və Kipr, Əlcəzairdən Fələstinə, İordaniyaya, Suriyaya, Ərəbistana, İraqa, Əfqanıstana, Pakistana və Qafqazın bir hissəsi, Orta Asiya və İrandan Hindistana qədər daxildir.[1]
Şaxəli tikanlı kolcuqdur, hündürlüyü 50–60 sm-ə çatan, nazik, möhkəm və əyilən budaqlıdır, üzəri konusşəkilli qırmızımtıl tikanlıdır. Cavan budaqlar və yarpaq saplaqları qısa tükcüklüdür. Yarpaqlar uzunsov-ovalşəkilli, uzunluğu 4–6 sm-dir. İkiqat cütlələkvaridir. Yarpaqcıqları xırda, 2,5–5,0 mm uzunluqda və 2 mm-ə qədər enində olub, xətvari, uzunsov formalı, üzəri qısa-tüklü, çox xırda saplaqcıqlarda yerləşir. Salxımları sıx, silindrik, çoxçiçəkli, yarpaqların qoltuqlarında yerləşir, ölçüsünə görə yarpaqlara bərabər və ya onlardan azca qısadır. Kasacığı dairəvi, 5 qısa dişcikli, tacı 4–5 mm-ə qədər uzunluqda olub, solğun və ya açıq sarı rəngdədir. Erkəkcikləri sərbəst, tacdan uzundur. May-iyun aylarında çiçəkləyir, meyvəsi iyul-sentyabrda yetişir.