Qəzənfər Əliyev (şərqşünas)
Qəzənfər Yusif oğlu Əliyev (1930-1984) — görkəmli Azərbaycan şərqşünası, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Türkmənistanın Dövlət Mükafatı laureatı.
Qəzənfər Əliyev 1930-cu il may ayının 15-də Gəncə şəhərində doğulmuşdur. Orta təhsilini 5 nömrəli şəhər məktəbində almış (1937-1947), Bakıda ADU-nun (indiki BDU-nun) şərqşünaslıq fakültəsində oxumuş (1948-1953), sonra Moskvada keçmiş SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olmuşdur. Orada məşhur şərqşünas alim, SSRİ EA-nın müxbir üzvü Yevgeni Bertelsin rəhbərliyi altında "Nizami Gəncəvinin "Xosrov və Şirin" və Əmir Xosrov Dəhləvinin "Şirin və Xosrov" poemalarının müqayisəli təhlili" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (28 yanvar, 1958). SSRİ EA Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi (1956-1964), sonra baş elmi işçi olmuşdur. 1974-cü ildə "Farsdilli ədəbiyyatın təşəkkülü problemi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının üzvü olmuşdur.
Xarici ölkələrə — Əfqanıstana (1959-1962), İrana (1963-1965), Almaniyaya (1977, 1979), Çexoslovakiyaya (1980) elmi ezamiyyətlərində Azərbaycan xalqının mədəniyyət və ədəbiyyatına dair məruzələr etmişdir. Onun Şərq xalqları ədəbiyyatına həsr olunmuş müxtəlif mövzulu 160-dan çox elmi məqaləsi Azərbaycanda, eləcə də xaricdə, rus, Azərbaycan, özbək, türkmən, tacik, ingilis, alman, fars, çex və s. dillərdə nəşr olunmuşdur.