Nərmin Şahmarzadə
Mübariz Ağakərim oğlu İbrahimov (7 fevral 1988, Əliabad, Puşkin rayonu – 19 iyun 2010, Çaylı, Tərtər rayonu) — Azərbaycan hərbçisi, Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş gizir. O, 2010-cu ildə Azərbaycanın Milli Qəhrəmanı və Azərbaycanda "ilin adamı" adlarına layiq görülmüşdür.
Uşaq yaşlarından idmanın boks növü ilə məşğul olmuş Mübariz İbrahimov 2005-ci ildə orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmışdır. Azərbaycan Daxili İşlər Nazirliyinə bağlı xüsusi təyinatlı qüvvələrdə xidmət etmiş İbrahimov iki il sonra hərbi xidmətini bitirmiş, 2009-cu ildə isə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında könüllü xidmətə başlamışdır.
Mübariz İbrahimov 18 iyundan 19 iyuna keçən gecə məktub yazaraq, xidmət etdiyi bölmədə heç kimə xəbər vermədən Dağlıq Qarabağ təmas xəttinə doğru irəliləməyə başlamışdır. O, Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan Silahlı Qüvvələrinin zastavasına basqın etmişdir və burada beş saat döyüşərək səhər saatlarında şəhid olmuşdur. Baş tutan döyüş zamanı İbrahimov, müxtəlif mənbələrə görə, ən azı 4, ən çoxu isə 140 nəfər erməni əsgərini öldürmüşdür.
Döyüşdən sonra Mübariz İbrahimovun nəşi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındakı ərazilərdə qalmışdır, lakin Ermənistan tərəfi bunu uzun müddət təkzib etmişdir. Aylarla davam edən danışıqlardan sonra oktyabrda Rusiyanın vasitəçiliyi ilə Həştərxan şəhərində imzalanan bəyannaməyə əsasən Mübariz İbrahimovun nəşi 6 noyabrda Azərbaycan tərəfinə təhvil verilmişdir. O, İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.