1. Doğulduğu zaman adama verilən şəxsi isim. Ad və soyad. Ad qoymaq. Adın nədir? Adını söyləmək.
// Ləqəb, təxəllüs.
2. Şöhrət.
// Bir adam haqqında əmələ gəlmiş ümumi rəy. Yaxşı ad. Pis ad.
3. Bir şeyin şifahi işarəsi. Kitabın adı. Bitkinin adı.
4. Hər hansı bir iş sahəsində ixtisası və ya xidməti vəziyyəti müəyyən edən rəsmi rütbə, ünvan. Fəxri ad. Baş elmi işçi adı almaq. Nobel mükafatı laureatı fəxri adı. Şahmat üzrə dünya çempionu adı.
5. məc. Əsas, bəhanə, səbəb mənasında.
◊ Ad almaq – bax ad qazanmaq (çıxarmaq).
Ad batırmaq – nüfuzdan düşmək, etibardan düşmək, hörmətdən düşmək (salmaq).
Ad eləmək (etmək) – 1) bax ad qazanmaq (çıxarmaq).
2) adaxlamaq, nişanlamaq.
Ad qazanmaq (çıxarmaq) – şöhrət qazanmaq, məşhur olmaq. Yaxşılıqda ad qazanmaq. Pislikdə ad çıxarmaq. O, fizika sahəsində böyük ad qazanmışdır.
Ad qazanmış – şöhrət tapmış, tanınmış, məşhur.
Ad qoymaq – 1) yaxşı işləri ilə adını əbədiləşdirmək, şöhrət qazanmaq (bu mənada “ad qoyub getmək” şəklində də işlənir).
2) böhtan atmaq, ləkələmək, biabır etmək, bədnam etmək.
Ad olmaq – nişanlanmaq, adaxlanmaq.
Ad tutmaq (çəkmək) – söhbət zamanı yeri gəlmişkən birinin adını çəkmək, haqqında danışmaq.
// Yada salmaq, xatırlamaq.
Ad vermək – 1) çuğullamaq, şeytanlamaq, xəbərçilik etmək;
2) qiymətləndirmək. Buna nə ad vermək olar?
Adı anılmaq (söylənmək) – xatırlanmaq.
Adı batmaq – şöhrətdən, nüfuzdan düşmək, rüsvay olmaq, biabır olmaq. Atalar oğul istər ki, adı batmasın.
Adı çəkilmək – 1) bax adı anılmaq. Yuxu, həsrətlə adı çəkilən şeylərdən biridir. Mir Cəlal;
2) namizədliyi qoyulmaq.
Adı çıxmaq – şöhrət qazanmaq, məşhur olmaq (bəzən mənfi mənada işlənir).
Adı dillərdə dastan olmaq (söylənmək) – məşhur olmaq, şöhrət qazanmaq.
Adı qalmaq – özündən sonra yaxşı bir iş, əsər qoyub getməklə adı əbədiləşmək.
Adı qara gəlmək – ölmək, yası tutulmaq.
Adı pis çıxmaq – pis ad çıxarmaq, pislikdə adı söylənmək.
Adı var, özü yox – yalnız sözdə olub həqiqətdə mövcud olmayan şey haqqında.
Adı yanmaq – bax adı batmaq.
Adın batsın! – nifrin, qarğış məqamında işlənən ifadə.
Adına dəyməz – adına, mövqeyinə yaraşmaz.
Yaman ad – 1) pis ad, şərəfsizlik, bədnamlıq;
2) bəzən böyük ad, şöhrət mənasında işlənir.