CAR coğrafiyası
Cənubi Afrika Respublikasının ərazisi 22° cənub enliyindən cənubada, tropik və subtropik qurşaqlarda yerləşir. Sahilləri, əsasən, dağlıqdır; az miqdarda əlverişli körfəz və buxtaları var. Sahil xəttinin uzunluğu 2798 km-dir.
== Geoloji quruluş və faydalı qazıntıları ==
Cənubi Afrika Respublikası ərazisinin böyük hissəsi Kembriyəqədər yaşlı Afrika platformasının cənub kənarı hüdudlarındadır; yalnız Kap dağları Hersin qırışıqlığı vilayətinə aiddir. Transvaal massivi, Arxey, Orta və Son Proterozoyun mütəhərrik qurşaqları, Karru və Kalaxari sineklizləri platformanın əsas strukturlarıdır. Massivdə qranit-qneyslərdən, qranulitlərdən, yaşıldaş vulkanik çökmə qatlardan ibarət platforma bünövrəsini Üst Arxey – Orta Proterozoyun platforma çexolu (terrigen və karbonatlı çöküntülər, qızıllı konqlomeratlar, riolitlər, andezitlər, bazaltlar və onların tufları) örtür. Platformanın sonrakı inkişaf mərhələlərində Buşveld lopoliti (qabbrolar, noritlər, peridotitlər, anortozitlər, qranitlər), karbonatitlər, siyenitlər, kimberlitlər və Mezozoyun qələvi qranitləri ilə yarılmış Transvaal sineklizi yaranır..
Keys qurşağının qərbində qırışıqlığa məruz qalmış Proterozoy yaşlı terrigen, vulkanik və karbonat süxurlar zolağı izlənilir. Bu rayonda metamorfizmə uğramış çexol (Vend–Kembri) Keys qurşağında peqmatitlərin əmələ gəlməsi və qərbdə qranit intruziyalarının soxulması ilə formalaşmışdır. Fanerozoyun çökmə çexolunu Paleozoy-Mezozoyun terrigen və kömürlü çöküntüləri, Erkən Yura yaşlı bazaltlar (Karru sineklizi və bir sıra qrabenlər, şərqdə Mozambik çökəyi), Kaynozoyun qumları (Kalaxari sineklizi) təşkil edir.