Divar uçub töküləndə deyirik: divar ağnayıb tökülür. Qədimdə ağmaq feili olub və rus dilinə “свалиться”, “склоняться”kimi tərcümə olunub. Sonra ağmaq feili ağnamaq şəklində sabitləşib. Sözün qədim kökü ağ kəlməsidir, “yuxarı” anlamı ilə bağlıdır. “Torpağın ağnaması”, “yuxarıdan aşağı tökülməsi” kimi başa düşülə bilər. Ağnamaq sözünün başqa bir mənası heyvanla bağlıdır: o, ayaqlarını yuxarı qaldırır, belini yerə qoyur və sağa-sola hərəkət edir. Ağmaq feilinin “əyilmək, o yan, bu yana meyil etmək”mənası da var. Heyvanın ağnaması, adamın axsaması (əsli: ağsamaq olub) ağ sözünün əyilmək mənası ilə bağlıdır. -sa şəkilçisi meyil bildirən feillər düzəldir (susamaq – “suya meyil etmək” və s.). Ağna və axsa sözlərində də şəkilçi əyilməyə meyili ifadə etmək vəzifəsini yerinə yetirir.