Aşkenazi yəhudilərinin sinaqoqu (Bakı)
Aşkenazi yəhudilərinin sinaqoqu — Bakı şəhərində, Dilarə Əliyeva küçəsi, 171 ünvanında yerləşən Aşkenazi və Gürcüstan yəhudilərinin sinaqoqu. Sinaqoq 2002-2003-cü illərdə memar Aleksandr Harberin layihəsi əsasında qüds memarlıq üslubunda inşa edilmişdir. Sinaqoq son 60-80 ildə Yaxın Şərqdə tikilmiş birinci sinaqoq sayılır.
Avropada ən böyük sinaqoqlardan biri hesab edilən bu tikili köhnə məbədin yerində ucaldılmışdır. Əvvəlki sinaqoq 1945-2002-ci illərdə fəaliyyət göstərmişdir. İkinci dünya müharibəsi qurtardıqdan sonra Sovet hakimiyyəti dini ehtiyacın ödənməsi üçün Aşkenazi, Avropa və Gürcüstan yəhudilərinə qədimdə hərbi anbar olan birmərtəbəli bina ayırmışdır. Burada kişilər ibadət etmək üçün soyuq və nəm zirzəmiyə düşürdülər, qadınlar isə yuxarıdakı otaqda dua edirdilər. Binanın eyvanı da qadınların ixtiyarına verilmişdi.
2002-ci ildə yeni sinaqoq binasınnın tikilməsi qərara alınmışdır. Tikintinin maliyyələşdirilməsində təkcə xaricdə yaşayan yəhudi təşkilatları deyil, həmçinin Qafqaz Müsəlmanları İdarəsi və Rus Pravoslav Kilsəsinin Qafqaz və Xəzəryanı Yeparxiyası da yaxından iştirak etmişdir.