Bilal Kiçibəyov
Kiçibəyov Bilal Səlim oğlu (1932, Yasaboba, Hil rayonu) — tibb elmləri doktoru, professor.
== Həyatı ==
Bilal Kiçibəyov 1932-ci ildə Xaçmaz rayonunun Yasaboba kəndində anadan olub. Kənd yeddiillik və Xudat şəhər Çkalov adına orta məktəbi bitirdikdən sonra, 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olaraq, 1955-ci ildə həmin institutda təhsilini fərqlənmə diplomu ilə başa vurub. 1955–1961-ci illərdə Azərbaycanın Cəbrayıl və Xudat rayonlarında sanitariya-epidemioloji stansiyanın baş həkimi vəzifələrində işləyib. 1962–1965-ci illərdə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun aspirantı kimi Leninqrad Elmi-Tədqiqat Radiasiya Gigiyenası İnstitutuna ezam olunub və 1965-ci ildə aspiranturanı "Mingəçevir və Ceyranbatan su hövzələrinin radiasion-gigiyenik səciyyələndirilməsi" mövzusunda namizədlik dissertasiyasının müdafiəsi ilə bitirib.
1975-ci ildə "Azərbaycan SSR əhalisinə radiasiya təsirini göstərən əsas amillərin gigiyenik səciyyələndirilməsi" mövzusunda doktorluq disseratasiyasını müdafiə edib. SSRİ Tibb Elmləri Akademiyasının akademiki, Sosialist Əməyi Qəhrəmanı, general-polkovnik F. Q. Krotkov məktəbinin yetişdirməsi və davamçısıdır. 1965–1995-ci illərdə Azərbaycan Tibb İnstitutunun (indiki Tibb Universitetinin) "Ümumi gigiyena" kafedrasının assistenti, dosenti, professoru, "Kommunal gigiyena" kafedrasının müdiri vəzifəsində işləyib.
1995-ci ildə Rusiya Federasiyasının "Yujdağ" institutuna tibb fakültəsinin təşkili üçün dəvət olunub, orada "Gigiyena, sosial təbabətin, səhiyyənin təşkili və iqtisadiyyatı" kafedrasını təşkil edərək ona rəhbərlik edib.
2001-ci ildə Azərbaycana qayıdaraq "Odlar Yurdu" Universiteti tibb fakültəsinin professoru, 2002-ci ildən isə Azərbaycan Beynəlxalq Universitetinin "Profilaktik təbabət" kafedrasının müdiri vəzifəsində işləyib.