Arif Əfəndiyev (biokimyaçı)
Arif Mustafa oğlu Əfəndiyev (30 sentyabr 1942, Şamaxı) — azərbaycanlı biokimyaçı alim, pedaqoq, tibb elmləri doktoru (1986), professor (1989), Azərbaycanın Əməkdar müəllimi (2010), Avropa Biokimyaçılar Cəmiyyətləri Konfederansiyası Biokimyanın Tədrisi Komissiyasının üzvü, Azərbaycan Tibb Universiteti Biokimya kafedrasının müdiri (1987–2020).
Arif Əfəndiyev 1942-ci il sentyabrın 30-da Şamaxı rayonunda anadan olub. 1950–1960-cı illərdə Bakı şəhəri Səbail rayon 6 saylı tam orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra, 1960-cı ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universitetinin) Əczaçılıq fakültəsinə qəbul olmuş və 1965-ci ildə buradan məzun olmuşdur.
Dürdanə Əfəndiyeva adlı xanımla ailəlidir. Məhiyəddin və Teymur adlı 2 oğlu, Atilla və Məhiyyədin adlı 2 oğlan və Fatimə adlı 1 qız nəvəsi var.
Arif Əfəndiyev Avropa Biokimyaçılar Cəmiyyətləri Konfederansiyasında təşkil edilmiş Biokimyanın Tədrisi Komissiyasının keçmiş SSRİ dövlətlərindən seçilmiş yeganə üzvüdür.
1974 və 1984-cü illərdə iki dəfə çapdan çıxmış "Bioloji kimya" dərsliyinin müəllifidir.
2002–2010-cu illərdə üç dəfə 4 cildlik "İnsan Biokimyasının əsasları" kitabının müəllifidir.
2007-ci ildə çap edilmiş "Klinik və Patoloji Biokimya" dərsliyinin müəllifidir.