sif. 1. Kül rəngli, qara rənglə ağ rəngin qarışmasından əmələ gələn (rəng). Boz torpaq. Boz at. Boz qurd.
– Həyətdəki sarı dirəyə ombaları çıxmış bir boz at bağlanmışdı. S.Rəhimov.
…Boz qanqallar da çiçək açmışdır. İ.Əfəndiyev.
[Mahmud:] Kəndimizin, onun boz çinarlarının, sərin bulaqlarının əvəzi varmı? Z. Xəlil.
2. Tutqun, dumanlı, çiskin.
[Hacı Murad:] Sabah, Allah qoysa, qurtarrıq, hava da bozdur; bu dəxi yaxşıdır. N.Vəzirov.
Səhərə məxsus ruzgar, yaşıl təpələrin üzərinə çəkilən dumanların boz yorğanını [atdı]… M.S.Ordubadi.
3. Bitkisiz, çılpaq. Boz çöllər. Boz yerdə ot bitməz.
– Parça-parça düşərək quşbaşı göydən yerə qar; Sarılır ağ mitilə boz dərə, çöllər, dağlar. A.Şaiq.
Buruqlarım hayqıraraq, nərə salır boz çöllərə. S.Vurğun.
4. məc. dan. Utanmaz, nəzakətsiz, həyasız, çəkinməyən, sərt, qaba danışan. Boz adam.
◊ Boz sifət göstərmək – üzə bozarmaq, nəzakətsizlik etmək, özünü qaba, ədəbsiz aparmaq.
Qəhrəmanın ciddi təkidi müqabilində Rüstəm acıqlanır, ona boz sifət göstərirdi. S.Rəhimov.