Calal Allahverdiyev
Allahverdiyev Cəlal Eyvaz oğlu (17 sentyabr 1929, Şuşa, DQMV – 19 yanvar 2017, Bakı) — Azərbaycan riyaziyyatçısı, əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı, AMEA-nın həqiqi üzvü-akademik, fizika-riyaziyyat elmləri doktoru, professor.
== Həyatı ==
Cəlal Allahverdiyev 1945-ci ildə Bakı şəhərində 1 saylı orta məktəbi bitirmiş, lakin Şuşada oxuduğu illər üçün qiymət cədvəli olmadığına görə attestatını ala bilməmişdir. 1946-cı ildə Şuşa şəhərində məktəbi ancaq "əla" qiymətlərlə bitirmiş və qızıl medala təqdim edilmişdir, lakin Maarif Nazirliyində riyaziyyat fənnindən "əla" qiymətini "yaxşı" ilə əvəz edərək gümüş medal vermişlər.
== Elmi fəaliyyəti ==
Cəlal Allahverdiyev 1951-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir və Mstislav Keldışın rəhbərliyi ilə Moskva Dövlət Universitetinin aspirantı olmuş, 1957-ci ildə "Öz-özünə qoşma olmayan tənliklərin bəzi siniflərinin məxsusi və birləşmiş funksiyalar sisteminin tamlığı haqqında" adlı namizədlik dissertasiyasını müdafiə etmişdir. 1968-ci ildə SSRİ EA Tətbiqi Riyaziyyat İnstitutunda "Spektral parametrdən rasional asılı öz-özünə qoşma olmayan operatorların məxsusi qiymətləri və məxsusi elementləri haqqında" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. SSRİ AAK tərəfindən ona 1969-cu ildə professor elmi adı verilmişdir.
Onun ən məşhur elmi nəticəsi Allahverdiyev teoremi adı altında bir çox kitablara, o cümlədən funksional analiz dərsliklərinə salınmışdır.
Cəlal Allahverdiyevin Milli Aviasiya Akademiyasının elmi məqalələr jurnalında tələbələri ilə birgə dərc edilmiş bir sıra əsərlərində kompyuterlərin iş prinsiplərinin nəzəri əsaslarının araşdırılması, təkmilləşdirilməsi, təbii dillərdə, o cümlədən Azərbaycan dilində kompyuterlə ünsiyyət mexanizmlərinin işlənib hazırlanması və Azərbaycan dilinin qrammatikasının təkmilləşdirilməsi, Azərbaycan dilinin formal qrammatikasının yaradılması istiqamətində fundamental məsələlər araşdırılmış və mühüm elmi nəticələr alınmış, deduktiv maşında qeyri-səlis çoxluqların təsviri və deduktiv nəticə alınmasının uyğun mexanizmi verilmişdir.
== Əmək fəaliyyəti ==
Cəlal Allahverdiyev 1957–1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində əvvəlcə müəllim, sonra isə baş müəllim işləmişdir. 1960-cı ildə Azərbaycan SSR EA-da yeni yaradılmış Hesablama Mərkəzində şöbə müdiri, sonra isə elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır.