Ağ ciyər
Sağ və sol ağciyərlər (lat. pulmo dexter et sinister, yun. pneumon) — döş qəfəsində yerləşmişdir; aşağı səthləri diafraqmaya və içəri səthləri ürək kisəsinə söykənmişdir. Sağ diafraqma günbəzi sol günbəzdən yüksək olduğuna görə və ürək asimmetrik vəziyyət aldığı üçün, ağciyərlərin həcmi və şəkli müxtəlif olmalıdır. Sağ ağciyər sol ağciyərdən qısa, geniş və həcmlidir.
Normal ağciyərlərin rəngi uşaqda açıq çəhrayı olur, böyüklərdə isə getdikcə rəngi dəyişib tündləşir, xarici səthində qara ləkələrə təsadüf olunur. Bu ləkələrin yaranması xaricdən hava ilə ağciyərlərə daxil olan kənar cisimlərdən (toz, tüstü və s.) asılıdır.
Ağciyərlər böyüklərdə orta dərəcədə hava ilə dolduğu zaman aşağıdakı ölçülərdə olur;
şaquli ölçüsü 25–27 sm, sagital ölçüsü (əsasında) 16–17 sm, frontal ölçüsü sağ tərəfdə 10 sm və sol tərəfdə 7 sm.
Ağciyərlərin tutumuna gəldikdə görürük ki, insan dərin nəfəs aldıqda, yəni döş qəfəsi maksimum böyüdükdə, sağlam ağciyərlər 5000 sm³ hava tutur. Dərin nəfəs verdikdən sonra ağciyərlərdə 1500 sm³ hava qalır, beləliklə dərin nəfəs alma və dərin nəfəs vermə arasında 3500 sm³ fərq vardır.