Leyla Əliyeva (cüdoçu)
Leyla Əliyeva (1 sentyabr 1997, Bakı) — Azərbaycanı təmsil edən cüdoçu.
== Karyerası ==
Leyla Əliyeva 2012-ci ilin fevralında U-17 Azərbaycan Çempionatının qalibi oldu. Həmin ilin mart-may ayları ərzində Ukrayna, Xorvatiya, Almaniya və Polşada baş tutan yeniyetmələr arasında beynəlxalq turnirləri 2 gümüş və 2 bürünc medalla başa vurdu.
2013-cü ildə o, bu səfər yeniyetmələrin beynəlxalq turnirlərinin Xorvatiya və Polşa mərhələlərinin qalibi oldu, Almaniya mərhələsində isə bürünc medala sahib oldu. İyunda Tallin şəhərində (Estoniya) U-18 Avropa Çempionatının qalibi oldu, avqustda isə Mayamidə (ABŞ) yeniyetmələr arasında Dünya Çempionatını gümüş medalla başa vurdu.
Leyla Əliyeva 2014-cü ilin mart-may ayları ərzində yeniyetmələrin beynəlxalq turnirlərinin Türkiyə və Portuqaliya mərhələlərinin qalibi oldu, Almaniya mərhələsini isə bürünc medalla başa vurdu. İyulda Afina şəhərində (Yunanıstan) U-18 Avropa Çempionatının gümüş medalına sahib oldu.
Avqustda isə Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qızların turnirində mübarizə aparan Leyla Əliyeva turnirin 1/4 final mərhələsində Qazaxıstan nümayəndəsi Adiya Sayin ilə üz-üzə gəldi. Həmin görüşdə Leyla Əliyeva rəqibinə ipponla qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı.