Culfa-Ordubad Arazboyu düzənlikləri
Arazboyu düzənlikləri — Culfa -Ordubad Arazboyu düzənliyi Naxçıvan düzənliyindən cənub-qərbdə yerləşib, ondan Nehrəm yaylası ilə (Dərəşam dərəsi) ayrılır. Düzənlik Zəngəzur dağ silsiləsinin cənub ətəyi ilə Araz çayı arasında qalan ensiz zolaq şəklində olan sahə boyunca Muxtar Respublikanın cənub və qərb sərhəddinə, Həsəndağın qərb yamaclarınadək uzanır. Oroqrafik cəhətdən bu zolaq Araz çayının sol qolları olan Qaradərə, Gilançay, Düylünçay, Vənəndçay, Əylisçay, Ordubadçay və Gənzəçayın Arazboyu sahəsində yaratdıqları kiçik maili düzənliklərdən və gətirmə konuslarından ibarətdir. Bu düzənlik bir qədər yuxarıda bir-biri ilə dağ yolları ilə ayrılır və Araz boyu hissədə birləşərək ümumi düzənlik zolağı əmələ gətirir. Qaradərə çayının mənsəbində yerləşmiş Yaycı, Gilançayın yaratdığı Aza, Düylünçayın gətirmə konusuna təvafiq edən Dəstə, Ordubadçay və Əylisçayın gətirmə konuslarının birləşməsindən yaranan Ordubad düzənliyi o cümlədəndir. Qrunt sularının yatım dərinliyi dağ ətəyi hissədən Araz çayına doğru 10–12 m-dən 1,7–3,5 m-dək azalır.
Suçəkmə əməliyyatı zamanı kəşfiyyat quyularının sərfi və xüsusi sərfi Arazboyu düzənlik daxilində müxtəlif qiymətlərə malik olmuşdur.
Culfa düzənliyinin şimal-qərb və cənub-şərq hissələrində quyuların sərfi 0,3–10,7 l/san, xüsusi sərfi isə 0,04–0,2 ll/san-dir. Culfa şəhəri yaxınlığında qazılmış quyunun sərfi 20 l/san, xüsusi sərfi isə 15,29 ll/san təşkil edir. Quyunun xüsusi sərfinin yüksək olması Araz çayının yataqaltı suları ilə qidalanmasından irəli gəlir.