Atropatena (dastan)
"Atropatena dastanı" — Vahid Məmmədlinin müəllifi olduğu Azərbaycanın ilk fentezi trilogiyası.
«Koroğlu», «Dədə Qorqud» kimi Azərbaycan dastanlarından sonra XXI əsrdə yazılmış dastan, epos. Azərbaycan tarixinin Alban və Atropat dövrünün dastanı.
Magiyalar və sehrlərlə, fantastik qəhrəmanlarla, detektiv, döyüş və məhəbbət səhnələri ilə zəngin olan bir kitabda toplanmış üç kitab.
Trilogiya 11 ölkədə çap olunub.
== Məzmun ==
=== Birinci kitab ===
Trilogiyanın birinci kitabı «Albaner» adlanır.
«Zaman o zaman idi ki, Qafqaz Albaniyası çarlığı Kiçik Midiya dövlətinin tərkibində idi.
Çar Vaçaqan ölkədə xristianlığı qəbul etdirmək istədiyindən sehrbaz kahinlərin əli ilə öldürüldükdən sonra, Qüdsdən gələn müqəddəs Yelisey, Vaçaqanın oğlu Albaneri də özü ilə götürərək Paytakaran yaxınlığındakı gözdən- könüldən uzaq kəndlərin birindəki kilsədə gizlənmişdi.
Kənd əhalisini daim müalicə edib onlara şəfa verən müqəddəs Yelisey, kəndlilərin sevimlisinə çevrilmiş, Çar oğlu Albaneri də əsl cəngavər kimi tərbiyə edib böyütmüşdü.
Yeni Çar Vaçe, ölkədə sayı günü-gündən artan sehrbazları və cadugərləri, bütpərəst kahinləri, habelə, murdar sənəmlərə sitayiş edənləri sarayın həndəvərinə buraxmasa da belə, onların qəzəbindən qorxaraq müqəddəs Yeliseyi saraydan uzaqlaşdırmışdı.