Əbədi ezamiyyət (film, 2016)
Əbədi ezamiyyət — 2016-cı ildə çəkilmiş Azərbaycan filmi. Rejissorlar Vüqar İslamzadə və Fariz Əhmədovun birgə çəkdiyi sənədli-bədii film. Film AXC xadimlərinin fəaliyyətinə həsr olunmuşdur.
== Məzmun ==
Film 1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyətinin parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam edilən nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir.
== Film haqqında ==
Yanvarın 22-də Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Əbədi ezamiyyət” sənədli filminin və “Qərib məzarlar” kitab-albomunun təqdimat mərasimi keçirilib.
"Əbədi ezamiyyət" filmi Bakı Media Mərkəzinin Arzu Əliyevanın baş prodüserliyi ilə çəkdiyi ikinci sənədli filmdir.
Yaradıcı heyət filmin hazırlanması üçün ilyarım müddətində Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparıb, bu şəhərlərdə video və fotoçəkilişlər edib, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə görüşləri və söhbətləri lentə alıb.
“Qərib məzarlar” kitab-albomu isə 1919-cu ildə Parisə ezam olunmuş Azərbaycan nümayəndə heyətinin, eləcə də ötən əsrin 20-ci illərində bolşevik təqibindən yaxa qurtarmaq üçün Fransaya üz tutan soydaşlarımızın bu ölkədəki taleyi və məzarları barədə ilk məlumat toplusudur. “Əbədi ezamiyyət” sənədli filmi və “Qərib məzarlar” kitab-albomunun baş məsləhətçisi tanınmış diplomat Ramiz Abutalıbovdur.
Təqdimat mərasimində bu layihənin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür bildirilib.