Fərhad Bədəlbəyli
Fərhad Şəmsi oğlu Bədəlbəyli (27 dekabr 1947, Bakı) — pianoçu, SSRİ xalq artisti (1990), Azərbaycan SSR xalq artisti (1978), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru (1991-ci ildən).
Fərhəd Şəmsi oğlu Bədəlbəyli 27 dekabr 1947-ci ildə Bakıda görkəmli rejissor, Azərbaycan SSR xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində anadan olmuşdur.
1965–1969-cu illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M. R. Brennerin sinfində), 1969–1971-ci illərdə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B. Davidoviçin sinfində) oxumuşdur. Fərhad Bədəlbəylinin adı B. Smetana adına (Çexoslavakiya, 1967, III mükafat və Smetana əsərinin ən yaxşı ifaçısı mükafatı) və Vianna da Motta adına (Portuqaliyada – Lissabonda keçirilmiş Pianoçuların Beynəlxalq Müsabiqəsi, 1968, laureatı) beynəlxalq müsabiqələrdəki uğurlu çıxışlardan sonra məşhurlaşır.
Bu gün F. Bədəlbəyli fəal konsert yaradıcılığı ilə məşğuldur. Pianoçunun qastrol səfərləri – Bolqarıstan, Almaniya, Yunanıstan, Danimarka, İsrail, İtaliya, Kuba, Norveç, Portuqaliya, Tunis, Türkiyə, Finlandiya, Fransa, Çexoslovakiya, İsveçrə, Yuqoslaviya, Yaponiya və b. əhatə edir. Musiqi təşkilatçılığı işi, maarifçilik – F. Bədəlbəylinin ikinci, mühüm fəaliyyət sahəsidir. 1986–1989-cu illərdə o, Azərbaycan Musiqi Cəmiyyətinin idarə heyəti sədrinin I müavini olmuşdur. F. Bədəlbəylinin təşəbbüsü ilə Bakı İncəsənət Mərkəzi (1987–1996-cı illərdə o, buranın rəhbəri olmuşdur) və Azərbaycan Musiqi Xadimləri Cəmiyyəti (hal-hazırda o, 1989-cu ildən bu cəmiyyətin sədridir) yaradılmışdır.