Fərhad Hümbətov (10 sentyabr 1968, Arçut, Böyük Qarakilsə rayonu – 29 mart 1992, Xankəndi) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.
Fərhad Hümbətov | |
---|---|
Hümbətov Fərhad Qənbər oğlu | |
Doğum tarixi | 10 sentyabr 1968 |
Doğum yeri | |
Vəfat tarixi | 29 mart 1992 (23 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Mükafatları |
10 sentyabr 1968-ci ildə Qərbi Azərbaycanın Böyük Qarakilsə (Quqark) rayonunun Arçut kəndində anadan olmuşdur. 1983-cü ildə burada orta məktəbin səkkizinci sinfini bitirmiş və Komanlı (Spitak) rayonundakı texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnmişdir. Hərbi xidməti əvvəlcə Çitada, sonra isə Monqolustan Respublikasında keçirən Fərhad 1988-ci ildə İrkutsk şəhərində ordudan tərxis olunmuşdur.
O zaman Hümbətovun valideynləri də digər azərbaycanlılar kimi tez-tez erməni təcavüzünə məruz qalır, təhlükə içərisində yaşayırdılar. O, bütün çətinliklərə baxmayaraq, doğma kəndinə qayıdır, ailəsini Bakıya köçürür. Bakı şəhəri Məişət Xidməti İdarəsində sürücü kimi əmək fəaliyyətinə başlayır.
Fərhad 1990-cı il 20 Yanvar faciəsi zamanı təsadüf nəticəsində sağ qalmışdır. Həmin gecə ağır texnika ilə şəhərə daxil olan Sovet qoşun hissələri heç kimə aman vermədən qarşısına çıxan hər şeyi əzib keçirdi. Fərhad bir az da ləngisəydi, tankın altında qalacaqdı. O, bu hadisədən sonra bir tankçı kimi Vətənin keşiyində durmağı qarşısına məqsəd qoyur və 1991-ci ilin oktyabr ayında cəbhəyə gedir. Könüllülərdən ibarət Şıx batalyonunun sıralarında döyüşə atılaraq, bir neçə kəndin azad olunmasında böyük şücaət göstərir.
Fərhadın döyüş yolu çox çətin olmuşdur. O, 1992-ci il martın 7-də Şuşa, Kosalar, Xankəndi istiqamətlərində uğurlu döyüş yolu keçmiş və düşmənin 5 postunu dağıtmışdır. Fərhad 1992-ci il 3 aprel tarixində Xankəndi yaxınlığında sayca üstün olan erməni silahlıları ilə döyüşə girmiş, yaralıları xilas edə bilsə də, özü qəhrəmancasına həlak olmuşdur.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Hümbətov Fərhad Qənbər oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Bakı şəhəri Şəhidlər xiyabanında dəfn edilmişdir. Binəqədi rayonunda qəhrəmanımızın adına park salınmış, büstü qoyulmuşdur.