Gülşən Qurbanova
Gülşən Ağadadaş qızı Qurbanova (19 dekabr 1950, Bakı – 17 noyabr 2006, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti (1998).
== Həyatı ==
Gülşən Qurbanova 19 dekabr 1950-ci ildə Bakıda anadan olmuşdur. Ə.Hüseynzadə adına Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutunu bitirmişdir (1974). 16 fevral 1979-cu ildən – 17 noyabr 2006-cı ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərmişdir.
Rolları: Mərcan ("Mənim nəğməkar bibim", Ə.Əylisli), Eyzəngül ("Şirinbala bal yığır", S.Qədirzadə), Çiçək ("Ana laylası", İ.Coşqun), Nabat ("Tamahkar", S.S.Axundov), Şahnaz ("Şəhərli oğlan", Q.Rəsulov), Almagül ("Fudzi dağında qonaqlıq", Ç.Aytmatov), Gülarə ("Məhəbbət novellası", Ş.Xurşud və Ə.Hacıyev), Nera ("Zəncirlənmiş Prometey", C.Məmmədov), Gülnaz ("Pul dəlisi", Ə.Orucoğlu), ana ("Bala bəla sözündəndir", Ə.Əmirli) və s. Kinoda, televiziya tamaşalarında çıxış etmişdir.
Teatrdan ayrılandan sonra Gülşən Qurbanova telekanallara dəvət almış və uzun müddət AzTV-nin “Gəlin birlikdə gülək” adlı layihəsində çıxış etmişdir. Bu verilişdə onun tərəf müqabilləri xalq artisti Yasin Qarayev və əməkdar artist Azər Mirzəyev olurlar. AzTV-dəki layihə bitəndən çox sonralar aktrisa ANS-lə uzun müddət əməkdaşlıq elədi. “Qaynar qazan” verilişinin aparıcısı kimi aktrisa və veriliş tamaşaçılar tərəfindən sevildi.