Zahiri gözəllik anlamında işlədilir. Görcək kimi olub, eybəcər (göyçək olmayan) qadına “görüksüz” deyiblər. Tatar dilində kürek (красота), kürekli (изящный), kürkəm (симпатичный) kəlmələri işlədilir. Bizdə “göyçək” mənasında görk, görklü kəlmələri də olub. Rus dilindəki вид sözünün mənasını verən görük sözü də миловидность kimi açıqlanıb (“görk olsun” deyirik). Görkəm sözünün kökü feildir, bunu ötkəm tipli sözlər də sübut edir. Deməli, göyçək kəlməsi görmək feili zəminində yaranıb, yaxşı görünən deməkdir. Belə bir qədim deyim də var: “Kişini göz aldadar, qadını söz (yəni qadın bəzənəndə kişi ona vurulur, kişi yağlı sözlər işlədəndə qadın ona vurulur)”. Kişi çox vaxt məhz qadının göyçəkliyinə uyur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)