Matfey İncili
Matfey İncili — Əhdi-cədidin və üç sinoptik İncilin ilk kitabı. Kitab İsrailin Məsihi olan İsanın öz xalqına (yəhudilərə) üz tutması, amma onlar tərəfindən qəbul olunmaması və dirildiyi zaman müridlərini başqa millətlərə göndərməsindən bəhs edir. Matfey yəhudi adət-ənənəsinin getdikcə yəhudilikdən uzaqlaşan kilsədə yox olmasını istəmədiyini vurğulamağa çalışır. İncil özündə evangelist cəmiyyəti və digər yəhudilər arasında hökm sürən mübarizə və münaqişələri əks etdirir. Kitabda, eyni zamanda, fariseylər tənqid olunur və onların İsadan üz döndərməsi ucbatından Tanrı Krallığının onlardan alınıb əvəzində kilsəyə verilməsindən danışılır.
İsanın ilahiliyi bu cəmiyyəti erkən xristianlardan fərqləndirən əsas cəhətdir. Mark sözünə İsanın vəftiz edilməsi və sınağa çəkilməsi ilə başlayırsa, Matfey İsanın tarixi köklərinə üz tutaraq, onun doğulduqdan bəri Tanrının oğlu olmasını və Əhdi-ətiqdə bəhs edilən Məsihin zühurunu gerçəkləşdirməsini göstərir. İsanın "Davud oğlu" adlandırılması onun sadəcə İsrailə göndərilən, insanlara şəfa verən və möcüzələr yaradan Məsih olmasına istinad edir. O, "İnsan oğlu" olaraq dünyanı mühakimə etməyə qayıdacaq; müridləri bunu anlasa da, düşmənləri bundan xəbərsizdir. "Tanrının oğlu" kimi isə, o, Tanrının özünü zahirə çıxarır və itaətkarlığı ilə oğulluğunu sübut edir.