Azərbaycan İnvestisiya Şirkəti ASC
"Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ) — Azərbaycanda investisiya fəaliyyətinin məqsədini, əsasən, ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsini təşkil edir.
Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli "Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Fərmanına əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsin və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə İqtisadiyyat Nazirliyinin tabeliyində "Azərbaycan Biznesinin İnkişafı Fondu" publik hüquqi şəxs yaradılıb. Fond Sahibkarlığın İnkişafı Fondunun və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçib.
Şirkət Azərbaycan Respublikası Prezidentinin 30 mart 2006-cı il tarixli 1395 nömrəli "İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında" Sərəncamı ilə yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2014-cü il tarixli 288 nömrəli "Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında" Fərmanı ilə regionlarda sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə həvalə edilmişdir.
Eyni zamanda 2007-ci ildə AİŞ, İslam İnkişaf Bankı (İDB), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (İCD), Küveytin "Saham Holdinq" investisiya fondu və Yəmənin "Al-Ahmar Group" şirkəti tərəfindən Azərbaycanın qeyri-neft sektorunun inkişafına töhfə verilməsi məqsədilə "Xəzər Beynəlxalq İnvestisiya Şirkəti" QSC (XBİŞ) yaradılmışdır. XBİŞ iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə kənd təsərrüfatı (istixanalar, bağlar, kənd təsərrüfatı məhsullarının emalı və s.) sahəsində həyata keçirilən layihələrə investisiya yatırmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 oktyabr tarixli Fərmanı ilə sənaye məhəllələrinin təşkili və idarə edilməsi AİŞ-ə həvalə edilmişdi.
Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2021-ci il tarixli müvafiq Fərmanlarına əsasən Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələri "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin əsasında yaradılmış İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyinə verilib.
Azərbaycan İnvestisiya Şirkəti"nin Nizamnaməsinə əsasən prinsipləri aşağıdakılardır:
Kommersiya səmərəliliyi;
Şirkətin investisiya qoyuluşu üçün müəyyən edilmiş məqsədlərə uyğunluğu;
İnvestisiya obyekti tərəfindən istehsal olunan malların və göstərilən xidmətlərin yüksək əlavə dəyərinin təmin olunması;
İstehsal olunacaq məhsulların (malların və xidmətlərin) rəqabətədavamlı olması;
Obyektin fəaliyyətinin yüksək səviyyədə təşkilini təmin edən və həmin fəaliyyət sahəsində kifayət qədər təcrübəyə malik olan strateji investorun (investorlar qrupunun) olması;
Maliyyə (mühasibat) hesabatlarının Beynəlxalq Standartlara uyğun aparılması və ya onların tətbiqi;
Maliyyə (mühasibat) hesabatlarının kənar auditor tərəfindən yoxlanılması;
İnvestorların, səhmdarların və digər maraqlı şəxslərin hüquqlarının müdafiəsini təmin edən korporativ idarəetmə prinsiplərinin tətbiq edilməsi;
AİŞ-in minoritar paya (30%-dək) sahib olması;
AİŞ-in Müşahidə Şurasında iştirakı (Direktorlar Şurası).