İradə Ələsgərova
İradə Ələsgərova (tam adı: İradə Hacı qızı Ələsgərova; d. 12 noyabr 1956, Ağdam şəhəri, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (15.07.2015), Tarix üzrə fəlsəfə doktoru (2015), Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Naşirlər və Poliqrafistlər Birliyinin (2012) üzvü, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının dərsliklərin bədii-texniki tərtibatı üzrə eksperti, "Azərbaycan" nəşriyyatında İstehsalat şöbəsinin müdiri, Azərbaycan Texniki Universitetində *Poliqrafiya mühəndisliyi* ixtisası üzrə diplom müdafiəsi üzrə Dövlət Komissiyasının sədri (2022, 20023), Bakı Dövlət Universitetinin "Kitabşünaslıq və informasiya" kafedrasının s/h (saat hesabı) müəllimi, Əmək veteranı, Respublika" qəzetinin ştatdankənar müxbiridir.
== Həyatı ==
İradə Ələsgərova 12 noyabr 1956-cı ildə Ağdam şəhərində ziyalı ailəsində anadan olub. Ailənin ikinci övladıdır: atası Hacı Salman oğlu Ələsgərov orta məktəbdə kimya-biologiya (APİ), anası, Tofiqə Hüseyn qızı Qurbanova dil-ədəbiyyat (BDU-nun məzunu) fənnlərini tədris edib. İradə şəhər 1 saylı orta məktəbi (1965–73) əla qiymətlərlə bitirib. 1972 və 1973-cü illərdə orta məktəb şagirdləri arasında keçirilən riyaziyyat üzrə respublika olimpiadalarının qalibi olub. Orta təhsillə yanaşı, 7 illik Ağdam şəhər 1 saylı musiqi məktəbini də ekstrerni imtahan verib (fortopiano sinfi) vaxtından əvvəl, yəni 6 ildə bitirib. İvan Fyodorov adına Ukrayna Poliqrafiya İnstitutunda (1973–78) təhsil alan ilk azərbaycanlıdır (D № 259288 Q-11).
01.08.1978-ci ildə ali təhsilli mütəxəssis kimi "Dövlətnəşrkom"un "Yeni kitab" mətbəəsinə təyinat alıb. Cild sexində usta kimi işə başlasa da, az bir vaxtda mühəndis (çap sexi), yeni texnika, kəşf, ixtira və səmərələşdirici təkliflər üzrə mühəndis, Baş mexanik vəzifələrinə irəli çəkilib, 22.06.1979-cu ildə müsabiqə yolu ilə "Dövlətnəşrkom"da Baş mühəndis vəzifəsinə təyin olunub.