İriçiçəkli nargülü
İriçiçəkli nargülü (lat. Campsis grandiflora) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinin nargülü cinsinə aid bitki növü.
Yabanı halda Çində, Yaponiyada, Qərbi Avropada, ABŞ və digər ölkələrdə geniş yayılmışdır. XX əsrin əvvəllərindən Krımda, Qafqazın Qara dəniz sahillərində becərilir.
Hündürlüyü 6-8 m-dək olan, tez böyüyən, işıqsevən, budanmanı yaxşı keçirən lianadır. Yarpaqları tək, lələkvari, 7-9 ədəd, 3-6 sm uzunluğunda, yumurtavarı və ya yumurtavarı-lansetvarı, ucu biz, dişli, çılpaq, xırda olur. Çiçəkləri iri, yumşaq və ya süpürgəvari çiçək qruplarında yerləşir, kasacığı 5 ədəd, lansetvarı, mərkəzinə qədər bölünmüş hissəlidir. Çiçək tacı qıfvari, kasacığın təxminən yarısınadək olan borucuqlu, qırmızı rəngli, eni 7-8 sm-ə çatır. Qutucuğu uzunsov-silindrik, ucu kütdür. İriçiçəkli kampsis tez böyüyür.