Karvansara
Karvanasara — karvanların dayanacaq yeri. Karvansaraylar Asiya, Şimali Afrika və Cənub-Şərqi Avropanı, xüsusilə də İpək Yolu ərazisini əhatə edən ticarət yolları şəbəkəsi üzrə ticarət, məlumat və insanların hərəkətini təmin edən infrastruktur idi. Çox vaxt kənd yerlərində kənd yolları boyunca yerləşən karvansarayların şəhər variantları da tarixən İslam dünyasının bütün şəhərlərində yayılmışdır və tez-tez xanagah, qonaq evi başqa adlar ilə də adlandırılırdı.
== Ümumi məlumat ==
Böyük ipək yolunun magistralı boyunca Azərbaycanın ticarət əhəmiyyətli şəhərlərində və karvan yolları üzərində karvanasaralar mövcud olmuşdur. Karvansaralarda karvanların dayanacaq yeri, mehmanxana tipli istirahət otaqları, minik və yük heyvanları üçün ayrıca yer (tövlə) və axurlar, ticarət mallarının saxlanması üçün anbarlar, müxtəlif dükanlar, yeməkxana və s. olurdu.
Karvansaralar həmçinin müxtəlif ticarət əməliyyatlarını kecirilməsi üçün ən sərfəli obyektlər idi. Ona görə də karvansaralar, bir qayda olaraq, şəhərin qızğın ticarət gedən "qaynar nöqtələrində" tikilirdi. Etnoqrafik materiallardan aydın olur ki, iri karvansarlarda onun daimi xidmətçilərindən başqa, çoxlu çarvadar və hamballar da olmuşdur.
Orta əsrlərdə və XIX əsrdə Təbriz, Şamaxı, Gəncə, Şuşa, Bakı, Naxçıvan, Ordubad, Marağa, Şəki və digər şəhərlərdə xeyli karvansara tikilmişdi.