Kərkük (el)
Kərkük mühafəzəsi (ərəbcə: محافظة كركوك) – İraqda inzibati-ərazi vahidi.
== Coğrafiyası ==
Kərkük mühafəzəsi Ərbil, Səlahəddin və Süleymaniyyə mühafəzələri ilə həmsərhəddir. 1947-ci ildə 20,355 km² ərazisi olan Kərkük mühafəzəsi inzibati cəhətdən Çəmçəməl, Daquq, Kərkük və Kifri qəzalarına bölünürdü. 1962-ci ildə elin ərazi bölgüsünə dəyişiklik edildi və artıq o, Çəmçəməl, Həvicə, Kərkük, Kifri və Tuzxurmatu qəzalarından ibarət oldu. 1962-ci ildə yeni qəzaların yaradılmasına baxmayaraq mühafəzənin ümumi ərazisi dəyişikliyə məruz qalmamışdı. 1970-ci ildən başlayaraq Kərkük mühafəzəsindən bəzi qəzalar qoparılaraq qonşu mühafəzələrə birləşdirildi. 1975-ci ildə Kərkük elinin Çəmçəməl və Kalar qəzaları qoparılaraq Süleymaniyyə mühafəzəsinə, Kifri qəzası Diyala mühafəzəsinə, Tuzxurmatu qəzası isə Səlahəddin mühafəzəsinə birləşdirildi. 1976-cı ildə Kərkük mühafəzəsinin adı dəyişdirilərək Ət-Təmim adlandırıldı. 1997-ci ildə artıq Kərkük mühafəzəsinin ərazisi xeyli azalaraq 9,679 km²-ə qədər endi, hazırda mühafəzənin sahəsi 10,282 km² təşkil edir və inzibati mərkəzi Kərkük şəhəridir.
== Əhalisi ==
=== Etnik tərkib ===
1957-ci ildə aparılmış rəsmi siyahıya almanın 1959-cu ildə açıqlanmış yekun nəticələrinə əsasən Kərkük mühafəzəsində əhalinin 45%-ni (təxminən 180 min nəfər) İraq türkmanları təşkil edirdi.