Aşıq
Aşıq — saz ifaçısı. Aşıq musiqisi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir. Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomim, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir.
== Etimologiya ==
Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyov "aşıq" sözünü "eşq" (ərəbcə) ilə bağlayır. Professor Məmmədhüseyn Təhmasib "aşığı" hazırda az işlənən və qədim türk söz kökü olan "aş"dan törədiyini qeyd edir. Əslində isə "aş" kökündən düzəldilən "aşılamaq" feli bu gün də işlənir.
Güman etmək olar ki, "aş" kökü "mahnı" yaxud "nəğmə" mənasında da işlənib, çünki "aşulamaq" — "oxumaq" deməkdir. Hazırda özbək dilində "aşulaçi" "mahnı oxuyan", "müğənni" deməkdir.
Məlumdur ki, "varsaq" sözü "aşıq şeri" yaxud "aşıq mahnısı (havası)" mənasını bildirir. Deməli, ehtimal ki, "aş-u-la" yaxud "aş-ı-la" "aş" kökündən törəyərək, Azərbaycan dili qanunlarına görə "-ıq" şəkilçisi ilə birləşib fəxri ad-ünvan şəklini almışdır.