Maestro Niyazi
Niyazi Zülfüqar bəy oğlu Tağızadə (Hacıbəyov) (7 (20) avqust 1912, Tiflis – 2 avqust 1984, Bakı) — məşhur azərbaycanlı dirijor və bəstəkar, Azərbaycan Dövlət simfonik orkestrinin baş dirijoru, Azərbaycan Dövlət Filarmoniyasının direktoru (1979-cu ildən), SSRİ xalq artisti (1959), 2 dəfə Stalin mükafatı və 2 dəfə "Lenin" ordeni laureatı, Beynəlxalq Nehru mükafatı laureatı (1974), Sosialist Əməyi Qəhrəmanı (1982).
== Həyatı və fəaliyyəti ==
Niyazi Tağızadə 1912-ci il avqustun 20-də Tiflis şəhərində ziyalı ailəsində doğulub. Anası Böyükxanım ixtisasca həkim olub. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun qardaşı idi. Uşaqlıq illərindən Üzeyir Hacıbəyov, Müslüm Maqomayev , Əbdürrəhim Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid kimi dövrünün tanınmış sənət adamları,görkəmli yazıçılar arasında böyüyüb.
Tağızadə soyadı onun anasının öz soyadı deyildi. Anasının yeganə dayısı Heydərəli Tağızadə inqilabçı idi. Onun faciəli qətlindən sonra o, bu soyadı daşımağı özünə borc bilib. Niyazi də soyadı yaşatmaq üçün Tağızadə-Hacıbəyov soyadını öz seçimi ilə götürmüşdür.
== Musiqi yaradıcılığı ==
Niyazi ilk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinifində oxumaqla alıb.