Maşallah Xudubəyli
Maşallah Xudubəyli (1950 – 2017) — tədqiqatçı-jurnalist, publisist, elmi işçi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü.
Maşallah Xudubəyli 21 fevral 1950-ci ildə Ulu Göyçə mahalının Nərimanlı kəndində, mahalın qüdrətli söz ustadı Xəstə Bayraməlinin ailəsində dünyaya gələn tədqiqatçı-jurnalist, publisist Maşallah Xudubəyli həm də qədim folklorumuzun cəfakeşlərindən biridir. Özünün tədqiqatçılıq, jurnalistlik və publisistik fəaliyyətini bir neçə sahədə davam etdirən M.Xudubəylinin folklorla bağlılığı hələ Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olmamışdan da əvvəl, çox erkən çağlarından başlayıb.
Həm də musiqi tədqiqatçısı olan M.Xudubəyli dünyanın nadir radio jurnalistlərindən biridir ki, onun kompozisiyaları kompakt-disk şəklində ölkələr dolaşmaqdadır. Müəllifin qardaş Türkiyədə "Haqq yolunda susmazam mən" və "Ya Qarabağ, ya ölüm" kompozisiyalarının kompakt-diski böyük tirajla buraxılıb və Şərqin, Avropanın müxtəlif şəhərlərinə yayılıb.
Yüzlərlə ədəbi-bədii, elmi-publisistik yazıların, bir neçə kitabların, o cümlədən dərslik vəsaitlərinin müəllifi olan Maşallah müəllimin mövzuları çoxşaxəlidir, dili şirin və axıcıdır.
Universiteti bitirəndən sonra bir müddət "Yazıçı" nəşriyyatında, sonra isə Azərbaycan Dövlət tele-radio verilişləri şirkətində məsul işlərdə çalışıb.
Hazırda AMEA Folklor İnstitutunun elmi əməkdaşı olan M.Xudubəyli Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
24 fevral 2017-ci ildə xərçəng xəstəliyindən Bakı şəhərində vəfat etmiş, Mehdiabad qəsəbəsində dəfn olunmuşdur.
"Mənim sazlı-sözlü dünyam".