is. [
ər. ]
1. İnsanın öz şəxsi və ictimai davranışını təyin edən mənəvi və əxlaqi prinsiplərin məcmusu; şərəf, qeyrət, heysiyyət.
[İmamverdi:] Bəy, namus bir bəyzadələrdə deyil, kasıb-küsubun da özünə görə namusu var və namusum da məni qeyzlənməyə vadar eləyir. Ə.Haqverdiyev.
[Nazlı:] Maral! Maral!… Həyat beşgünlükdür, fəqət namus… Namus əbədidir. H.Cavid.
[Babası Fatmaya:] Sənin namusun olsa, mənim qapıma gəlməzsən, itil gözümün qabağından, çəngi! Çəmənzəminli.
□ Namusdan salmaq – ləkələmək, abırdan salmaq, biabır etmək, rüsvay etmək.
Namusuna qısılmaq – abır gözləmək, öz heysiyyətini, şərəfini gözləmək.
Namusuna toxunmaq – bax
qeyrətinə toxunmaq (“qeyrət”də).
[Mərcan bəy:] Buraxın, məni tutmayın, bu saat mən bu kişini qanına bələşdirim, bu mənim namusuma toxunan işdir. Ü.Hacıbəyov.
Namusunu satmaq – özünü rüsvay etmək, abırdan salmaq, öz heysiyyət və şərəfini atmaq.
[Səttar xan:] Namərd sən özünsən, sən həm bacının, həm də vətənin namusunu satmaq istəyirsən. M.S.Ordubadi.
[Gülnaz] qaravaş kimi işləyir, amma namusunu satmağa razı olmur. M.İbrahimov.
// Bəkarət, ismət, təmizlik.
2. Namusla şəklində
zərf –
1) şərəflə, şərəf və heysiyyətini gözləyərək. Namusla yaşamaq.
– Mən deyirəm; Bu namusla yaşayanlar bəxtiyardır. S.Vurğun.
Namusla sürmüşəm öz dövranımı; Verərəm haqq üçün şirin canımı. M.Rahim;
2) çox yaxşı, yüksək səviyyədə, əla surətdə. Namusla işləmək. Öz vəzifəsini namusla və vaxtında yerinə yetirmək.