Barak Obamanın prezidentliyi
Barak Obama ilk dəfə prezidentliyə 2008-dəki seçkilərdə respublikaçı rəqibi Con Makkeynə qalib gələrək seçilmiş, 20 yanvar 2009-cu il tarixindəki ilk inauqurasiyasından sonra da ABŞ-nin 44-cü prezidenti kimi vəzifəsinə başlamışdır. ABŞ tarixinin ilk afroamerikan, ilk çoxirqli, ilk ağdərili olmayan və Havayda doğulan ilk prezidentidir. Obama ikinci dəfə 2012-dəki seçkilərdə Mit Romniyə qalib gələrək seçilmiş, daha sonra isə 2016-cı ildəki seçkilərdə qalib gələn Donald Tramp tərəfindən əvəz edilmişdir.
Obama vəzifəsinin ilk 100 günü ərzində bərabər əməkhaqqı davasının zaman müddətinin uzadılmasını təmin edən 2009 Lilli Ledbetter Ədalətli Ödəniş Aktını imzalamış, Uşaqların Tibbi Sığortası üzrə Dövlət Proqramı haqqında qanunu qüvvəyə mindirmiş, konqresin 2009-cu ildəki səhiyyə islahatı ilə əlaqədar büdcə təklifini qəbul etmiş, icraedici hakimiyyətdə lobbiçilərin təsirini külli miqdarda azaltmaq məqsədilə yeni etika qaydaları tərtib etmiş, hərbçiləri geri çəkdiyi İraq istisna olmaqla bir çox siyasi cəbhədə Buşun idarəsindən qırılmış, BMT-nin seksual orientasiya və cinsi kimlik deklarasiyasına dəstək vermiş və embrional kök hüceyrə araşdırması üçün federal fond ayrılmasının 7 il yarımlıq qadağasını aradan qaldırmışdır. Obama Kubadakı Quantanamo həbs düşərgəsinin bağlanması haqqında da fərman imzalasa da, düşərgə hələ də açıq qalır. O, həmçinin, bir sıra mali və adaya səyahətlə əlaqədar qadağaları da ləğv etmişdir.
Vəzifəsinin ilk iki ilində Obama çox sayda önəmli qanunları qüvvəyə mindirmişdir. Onun əsas islahatlarına isə "Obamacare" kimi də tanınan Pasiyentlərin Müdafiəsi və Əlçatan Tibbi Xidmət Aktı, Dodd-Frank Voll-Strit İslahatı və İstehlakçı Müdafiəsi Aktı və 2010 Soruşma, Demə Ləğvi Aktı daxildir. 2009 Amerikan Bərpa və Reinvestisiya Aktı ilə 2010 Vergi Güzəşti, İşsizlik Sığortası Yenidən Avtorizasiyası və İş Yaradılması Aktı isə Böyük Böhran zamanı iqtisadi stimul rolunu oynamışdır. Dövlət borcu ilə əlaqədar uzun çəkən mübahisələrdən sonra Obama 2011 Büdcə İdarəsi Aktı və 2012 Amerikan Vergiverən Güzəşti Aktını imzalamışdır.