Pırkalyarpaq mahoniya
Pırkalyarpaq mahoniya (lat. Mahonia aquifolium) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin mahoniya cinsinə aid bitki növü.
Vətəni Şimali Amerikadır.
Hündürlüyü 1 m-ə qədər olan həmişəyaşıl koldur. Cavan zoğlarının qabığı uzununa zolaqlı, çəhrayı-boz olub, tədricən qonur-boz rəng alır. Yarpaqları 20 sm uzunluğundadır, mürəkkəb, təklələkvaridir, uzunluğu 3-9 sm, eni 1,5-2,5 sm-ə çatan üst səthdən parlaq, tünd-yaşıl, alt səthdən isə tutqun, açıq-yaşıl rəngdə, dərivari olub, 5-9 yarpaqcıqdan ibarətdir. Yarpaqaltlıqları 2-5 mm uzunluğunda, qılvaridir. Aprel-may aylarında çiçəkləyir. Çiçəkləri sarı rəngdədir, diametri 9 mm-ə çatır. Çoxçiçəkli salxımların uzunluğu 1 sm olub, yumurtavari təpə tumurcuqların qoltuğundan çıxır.