Firuzə xanım Qovanlı-Qacar
Firuzə xanım Qovanlı-Qacar — Şuşadan gəlmiş, peşəkar akademik fortepiano təhsili almış, ilk azərbaycanlı peşəkar qadın pianoçu.
== Həyatı ==
Firuzə xanım Tiflisdə İmperator, sonralar Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun polkovniki olan şuşalı Seyfulla mirzə Qovanlı-Qacarın ailəsində anadan olub. Ailənin ən böyük övladı olub. Seyfulla mirzənin həyat yoldaşı Ruxsarə xanım Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin üzvü idi və yüksək təhsilli qadın idi. O, rus, fransız və fars dillərini bilir, ədəbiyyat və musiqiyə xüsusi maraq göstərirdi. Seyfulla Mirzənin evində müxtəlif alman istehsalı üç royal var idi ki, onları Ruxsarə xanım mütəmadi olaraq çalırdı. Ruxsarə xanım uşaqlara fortepiano dərsi də verirdi. Bu evdə çox tez-tez musiqi məclisləri təşkil olunurdu və buraya təkcə onların qohumları deyil, həm də fortepiano musiqisinin pərəstişkarları da dəvət edilirdilər.
Seyfulla mirzə ilə Ruxsarə xanımın oğlu Əlixan mirzə musiqiyə həvəs göstərməmiş, bacısı Firuzə xanım isə musiqiyə həvəs göstərərək, həyatını musiqiyə həsr etmək qərarına gəlir.
=== Musiqi təhsili ===
Firuzə xanım əvvəlcə Tiflisdə, sonra isə Peterburq Konservatoriyasında musiqi təhsili alıb.