BMT və 7 oktyabr qalmaqalı
BMT və 7 oktyabr qalmaqalı — İsrailin Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) HƏMAS-ın İsrailə hücumu etməsində iştirakı ilə əlaqədar iddiaları nəticəsində yaranan qalmaqal. UNRWA 26 yanvar 2024-cü ildə İsrail tərəfindən təxminən iki həftə əvvəl özünün bir neçə əməkdaşının hücumda iştirakına dair təqdim etdiyi iddiaları araşdırdığını açıqlamışdır.
İsrailə görə, UNRWA-nın 4-dən 12-dək əməkdaşı hücumlarda iştirak etmiş, onlar logistika və silah tədarükündə rollardan tutmuş girovgötürmə və hücumlarda birbaşa iştiraka qədər müxtəlif vəzifələrdə iştirakda ittiham olunurlar. İsrail iddia edir ki, Qəzzə zolağında UNRWA-nın 13,000 əməkdaşının təxminən 10 faizi islamçı yaraqlı qruplarla, ilk növbədə HƏMAS və Fələstin İslam Cihadı ilə əlaqəsi var və UNRWA-nın 190 əməkdaşı yaraqlı olaraq fəaliyyət göstərmişdir.
UNRWA-nın baş komissarı Filipp Lassarini təşkilatın aidiyyəti işçiləri vəzifələrindən azad edərək təhqiqata başladığını bildirmiş və əlavə etmişdir ki, məsuliyyət daşıyan hər hansı işçi nəticələrlə üzləşəcək. BMT-nin baş katibi Antoniu Quterreş UNRWA-nın 9 əməkdaşının işdən çıxarıldığını, birinin həlak olduğunu, işdə iştirak edən digər iki şəxsin kimliyinin dəqiqləşdirildiyini bildirilmişdir. 9 fevralda Lassarini qeyd etmişdir ki, o, "əks qanuni prosesə" əməl etmiş, heç bir sübuta baxmadan əməkdaşları işdən çıxarmış və bu şəraitdə çevik tədbirin prioritet olduğuna qərar vermişdir.
Qalmaqal bir neçə ölkənin, o cümlədən ABŞ, Almaniya və Avstraliyanın UNRWA-nın maliyyələşdirilməsini dayandırmasına səbəb olmuşdur. Vəsaitlərin dayandırılması İsrailin işğalı ilə əlaqədar Qəzzə zolağında yaranan humanitar vəziyyəti nəzərə alaraq Ümumdünya Səhiyyə Təşkilatı, Sərhədsiz Həkimlər və "Amnesty International" kimi bir sıra beynəlxalq təşkilatlar tərəfindən tənqid edilmişdir. "Amnesty International" bunu dünyanın ən zəngin ölkələrinin "12 nəfərin iddia edilən cinayətlərinə görə yer üzündəki ən həssas əhalini cəzalandırmaq kimi bir ürəksiz qərar" adlandırmışdır.